Bu gün 19 yaşadək futbolçuların Avropa çempionatının ilkin seçmə mərhələsinin püşkatma mərasimi keçirilib. Futbolinfo.az xəbər verir ki, püşkün nəticəsinə əsasən millimizin rəqibləri Slovakiya və Macarıstanla yanaşı, həm də Ermənistan yığması olacaq.
Məlum olduğu kimi, AÇ-2006-nın seçmə mərhələsində Arif Əsədovun başçılığı altında komandamız Ermənistan millisinə qalib gəlmişdi. Bu səbədən Əsədovla əlaqə saxlayaraq püşklə bağlı fikirlərini öyrəndik.
Futbolinfo.az sayına aşıqlamasında U-19-dan yenicə ayrılan mütəxəssis bunları dedi: "Bu haqda danışmaq hələ tezdi. U-19 yeni yığılır, komanda tam formalaşmayıb. Ermənistan millisi ilə görüş çətin olacaq. Amma bunu siyasiləşdirmək lazım deyil. Sırf futbol prinsipləri tərəfdən yanaşmaq lazımdı. Bu oyuna hələ 10 ay var. O vaxta qədər bir çox matçlar olacaq. İstər hazırlıq görüşləri, istər turnirlər. Yanvar ayının 4-də Sank Peterburq şəhərində Valentin Qranatkinin xatirə turniri keçiriləcək. Qarşıda bir çox matçlar var. İndidən Ermənistanla oyunu düşünüb psixoloji gərginlik yaratmaq lazım deyil".
KƏMALƏ İSMAYILOVA





