Topaz Premyer Liqasının 15-ci turu geridə qaldı. Çox təəssüf ki, hakim səhvləri bu turda da öz sözünü dedi.
 
Ötən turda "İnter" – "Neftçi" qarşılaşmasında flaqmanın aparıcı oyunçularından olan Flavinyoya qırmızı vərəqə görsədildiyi üçün deyəsən, Sumqayıtda onun yerinə meydana Fariz Yusifov daxil olmuşdu. Ona görə ki, Yusifov ötən turda Rəhim Həsənovun etdiyi "səhvlərin" günahını yuyurmuş kimi davranırdı.
 
Doğrusu, ötən həftə “İnter”ə məğlub olduqdan sonra flaqman elə səs-küy qopardı ki, bunun bir əvəzinin olacağı gözlənilirdi. Və Yusifov “Sumqayıt”la oyunda onların əsəblərini sakitləşdirəcək idarəçiliklə yadda qaldı.
 
Matç gününə qədər ən maraqlı məqam "Neftçi"nin "Sumqayıt"da icarədə əsasında oynayan Kərim Diniyev, Slavik Alxasov, Elşən Abdullayev və Ruslan Qurbanova veto qoyması oldu. Baxmayaraq ki, birinci dövrədə "Neftçi"nin baş məşqçisi Tərlan Əhmədov bu məsələyə heç bir etiraz bildirməmişdi. Görünür bu dəfə Nazim Süleymanov öz gücünə arxayın olmadığı üçün "Sumqayıt"dan çəkinirdi. Bunun üçün də gənc futbolçuların qarşısın kəsməklə Süleymanov qələbəyə bir addım da yaxınlaşmaq istəyirdi. Çünki Nazim bəy oyunsonrası mətbuat konfransında da bildirdi ki, "o futbolçuların oynamamasınını mən istədim".
 
Düzü, bunun nə dərəcədə peşəkarlığa uygun bir hərəkət olduğuna anlamadım. Görünür, bu addımın atılmasını ilk dövrədəki qarşılaşmanın 0:0 hesabıyla başa çatması zəruri etmişdi. Üstəlik, "Neftçi"nin 3 aparıcı oyunçusunun cəza üzündən matçı buraxması da baş məşqçini qorxutmuşdu.
 
Yusifov start fitini səsləndirəndən sonra "Sumqayıt"ın sərgilədiyi futbol "Neftçi"yə asan yem olmayacağından xəbər verirdi. Baxmayaraq ki, hesabı açan paytaxt klubu oldu. Amma qarşılıqlı baş zərbələri ilk yarının bərabərliklə başa çatmasını təmin etdi.
 
"Neftçi" bir də 86-cı dəqiqədə ayıldı. Amma qonaqların dəqiq baş zərbəsindən sonra "Sumqayıt"ın  xilas olmaq üçün yenə şansı var idi. Gəl ki, Erik Ramos cərimə meydançasında əllə oynadığı üçün yan xətt hakimi bayrağını qaldırsa da, Yusifov davam işarəsi verdi. Əsas hadisələr də bundan sonra başladı. "Sumqayıt"ın kapitanı Samir Abbasovun Farizə yaxınlaşaraq "Niyə penaltini vermirsən" sualına hakimin "əcəb edirəm, yaxşı …" deyərək cavab verməsi futbolçunu özündən çıxardı. Abbasovun da bu sözün qarşılığında ağzına gələni deməsi qırmızı vərəqə almasına səbəb oldu. Düzdü, Abbasovu hakimi təhqir etdiyinə görə müdafiə etmək istəmirik. Amma bu, Yusifovun da söyüşlə danışmasına əsas verməməlidi.
 
Oyun başa çatdıqda "Sumqayıt" kimsəsizlər yurduna atılmış uşağa bənzəyirdi. Sanki Fariz Yusifov gecənin qaranlığında "Sumqayıt"ı parkdakı oturacaqların birinin üzərinə qoyub qaçdı. Bu hərəkət “gənclər şəhəri”nin azarkeşlərinin də xoşuna gəlmədi. Onlar oyunun sonunda "Qarabağ", "Qarabağ" qışqırmaqla bunu sübut etdilər. Heç hakim-inspektor Rövşən Əhmədov da Fariz Yusifovu bəyənmədi. O, azarkeşlərdən birinin "Deyəsən "bakavoy" Biləcəridə yaşayır, yazıq "Sumqayıt"la Bakı arasında qalıb" sözünə gülməsi ilə bunu bəyan etdi.
 
Düzdü, “Neftçi”nin yalnız Yusifovun sayəsində qələbə qazandığını iddia etmək çətindi. Yalnız videogörüntülərə baxdıqdan sonra dəqiq qərar vermək olar. Amma “Sumqayıt” rəhbərliyinin özündən çıxmasına səbəb olan son dəqiqələrdəki penalti epizodunda səhvə yol verdiyi dəqiqləşsə, yəqin ki, sabiq FİFA referisi həm də sabiq hakim olacaq.
 
EMİN SƏFƏROV
Shares: