Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin futbolinfo.az saytına müsahibəsi
– “Neftçi”də işlədiyiniz vaxtla müqayisədə çox dəyişmisiz. Saç azalıb, siqareti də daha çox çəkirsiz. Deyəsən PFL-də iş daha çətindi…
– Yaşla bağlıdı. Ailə qayğıları da üst-üstə gəlir. Haqqında fikirləşməli şeylər çoxaldıqca belə olur.
– Çempionat istədiyiniz kimi keçir? Siqaretin sayını ona görə çoxaltmamısız ki?
– Tam istədiyim, arzuladığım kimi deyil. O vaxt razı qalacam ki, hər futbolçunun özünün 50-100 azarkeşi olacaq. Bu baxımdan klubların boynuna böyük iş düşür. Biz də imkan daxilində dəstək veririk ki, təmiz oyunlar keçirilsin, futbolda inkişaf olsun.
– Amma deyəsən, indiki reqlament ürəyinizcə deyil. Sanki “altılıq” sistemini daha çox xoşlayırdız.
– Hər sistemin öz gözəlliyi var. İndi oyunların sayı daha çoxdu. Amma deyə bilmərik ki, hələ bu çempionatın sonu nece olacaq. Avrokuboklara gedən komandalar yayda çox oyun keçirə bilmədiyindən qitə miqyasında çətinlik çəkirdi. Ümid edirik ki, indi komandaların daha çox oyun keçirməsi işlərinə yarayacaq.
– 10 komandadan hansı sizə daha əzizdi? Axı, bu futbol ailəsində sizin sevimli və ərköyün “övladlarınız” olmalıdı…
– 5 barmağın hansı ağrısa, canımız əziyyət çəkir. Bilirəm məndən hansı cavabı gözləyirsiz. Sözsüz ki, “Neftçi”. Elə “Xəzər Lənkəran”, “Bakı” və digər komandaların da rəhbərliyindən hamsını danışdırsan, eyni cavabı verəcək. Çünki SSRİ dönəmində yaşayan insanların uşaqlıq sevgisi “Neftçi” olub. Həmin vaxt hamımızın bir komandası olub. Ancaq bu gün sevgimiz parçalanıb. Yeni komandalar yaranıb, azarkeşlər də özünə yaxın bildiklərini, oyunundan zövq aldıqları komandaları dəstəkləyir. “Qarabağ”, “Neftçi”, layiq olmadığı yerdə qərarlaşan “Xəzər Lənkəran” da öz azarkeşləri ilə seçilir. Ərköyün komandamız yoxdu, sevimlimizsə avrokuboklarda üzümüzü ağ edənlərdi.
– Bəlkə “Neftçi”yə sevginizin davam etməsinin nəticəsidi ki, siz PFL prezidenti olandan sonra bu komanda artıq 3 dəfə çempion olub.
– Niyə ki? Mən burada çalışdığım müddətdə “Bakı” da, “İnter” də çempion olub. Kim hansı yerə layiqdisə, ona da nail olur.
– Bəs siz “Neftçi”də vitse-prezident olanda komandanın çempion olması üçün nə çatmırdı?
– Haqq-ədalət. O vaxt “Neftçi”yə olan haqsız təzyiqlə indi heç bir komanda üzləşmir. Deməli, haqq-ədaləti bərpa etmişik və layiq olanlar qələbə qazanır.
– Amma sanki 1-ci divizionda vəziyyət başqadı. Bu turnir həvəskarların yarışına bənzəyir…
– Mən elə deməzdim. 1-ci divizionda mübarizə aparan yaxşı komandalar çoxdu. Orada elə oyunlar var ki, Premyer Liqadan maraqlı keçir. “Neftçala”, “Qaradağ Lökbatan”, “Ağsu”, “Araz” və başqaları gözəl oyun nümayiş etdirir. Problem əsasən onunla bağlıdı ki, yeni yaranmış klublardı, hələ böyük təcrübəsi olmayan rəhbərləri var.
– Hakimliyin səviyyəsindən necə, razısız?
– Hakimlikdə gəncləşmə gedir. Cavanlarda səhvlər də olacaq. Amma biz əsasən qərəzin olmamasına çalışmalıyıq.
– Sizin dövrünüzdə fiti əlindən alınan hakimlərin sayı həddindən artıq çoxdu. Bu mövsümün sonunda da belələri olacaq?
– PFL tərəfindən heç bir qərəz ola bilməz. Hakimlər hansısa sifarişlə oyun idarə edə bilməz, əksinə, biz onların daha yaxşı çalışması üçün hər cür şərait yaradırıq, bunu onlardan tələb edirik. Klubların haqqı tapdalanırsa, bəs, biz burada niyə oturmuşuq?
– Amma klubların özləri də hakimlərin “xidmət”inə ehtiyac duyur. Heç hakimlərdən kimsə sizə hansısa klubdan sifariş aldıqlarını deyibmi?
– Olur. Hakimlər olur ki, gəlib deyir ki, filan klubun rəsmiləri bu axşam məni yatmağa qoymayıb. Hansı hakimə ki, klublardan zəng olunur, gəlib bizə deyirlər. Hətta deməsələr də, biz bunu bilirik. Belə zənglər bizi qorxutmur, hakimlərə inanırıq, səhv edənlər isə aqibətlərinin nə olacağını özləri bilir.
– Sizcə, Azərbaycanda Klublar Birliyinə ehtiyac varmı?
– Məncə, yox. Cünki PFL işini yaxşı görür və klublar məncə, bizdən narazı deyil.
– Bəziləri etirazını aşkar bildirməsə də, narazılar olur. Məsələn, Super Kubok oyunundan sonra “Xəzər Lənkəran”ın prezidenti Mais Mənsimov narazılığını bildirmişdi…
– Mən də klub rəhbəri olmuşam. O vaxt “Neftçi”də işləyəndə mən də narazılıq etmişəm. Ancaq mənim haqqım var idi. Hakimlər özləri deyirdi ki, bizə tapşırıq verilib, “Neftçi”ni yıxmalıyıq. Mənə də pis təsir edirdi. Amma şükür Allaha ki, bu gün AFFA rəhbərliyi, PFL rəhbərliyi ədalətin bərqərar olması üçün hər şey edir. Emosiyalara qapılan vaxt kimsə nəsə deyə bilər. Mən əminəm ki, Mənsimov da o sözləri emosiyaya qapılaraq deyib.
– Vlastimil Petrjela yadınızda necə qalıb?
– (pauza) Yaxşı qalıb. Mən “Neftçi”də olarkən baş məşqçimiz idi. Yaxşı (gülərək davam edir) xatirələrimiz var. Petrjela yaxşı işləyirdi, sonra başqa işlərlə məşğul olmağa başladı və ona görə də getdi.
– Bəs, Hans-Yürgen Gede?..
– O vaxt mən artıq klubda deyildim. Amma necə ki, Qorbaçov gəldi, SSRİ-ni dağıtdı, getdi, Gede də gəldi, “Neftçi”ni dağıtdı getdi.
– Həmişə qalmaqallı çempionatın daha maraqlı olduğunu deyirdiz…
– Baxır nə qalmaqalı. O mənada qalmaqalı xoşlayıram ki, azarkeşlər arasında təhqirdən uzaq, maraqlı şüarların olduğu deyişmə getsin. Bir-birinin bəhsinə daha yaxşı azarkeşlik etsinlər. Yoxsa azarkeşlərin davasının, stadionda iğtişaş törətməsinin əleyhinəyəm. Bu, vəhşilikdi. Söyüş söymək, təhqir etmək düzgün deyil.
– Belə qalmaqallar əsasən “Neftçi” – “Xəzər Lənkəran” oyunlarında olur. Amma hazırda cəza üzündən bu matçlara qonaq komandanın azarkeşləri gedə bilmir…
– Belə olmasını istəməzdik. Futbol azarkeşlərlə gözəldi. Ancaq bu cəzaya əsas var idi, əks halda belə əmr verilməzdi. O qərarın ləğvi mümkündü. Bu isə azarkeşlərin özündən, özlərini nücə aparmasından asılıdı. Sosial şəbəkələrdə azarkeşlər arasında elə dəyişmə gedir, bir-birinə qarşı elə hədə-qorxu gəlirlər ki, bu da sonda belə qalmaqallara gətirib çıxarır. Amma yaxşı ki, bizdə təhlükəsizlik xidmətləri əla işləyir, pis hadisələrin qarşısı alinır. Ölkədə elə əmin-amanlıq var ki, indi heç kimin hansısa qorxu hissi yoxdu, hamı istənilən vaxt istədiyi yerə gedə bilir. Elə bunun sayəsində də bütün problemlərin qarşısı vaxtında alınır. Sosial şəbəkələrdə azarkeşlərin bir-birinin ünvanına yazdığı xoşagəlməz sözlərin qarşısını almaq, bunun tribunalarda əksini tapmaması üçün bəzən belə qərarlara ehtiyac duyulur. Oyun ərzində rəqib, sonra dost olmalısan. Amma təəssüf ki, bizdə xüsusilə “Böyük oyun”larda bəzən başqa hadisələr də baş verir. Avtobusların şüşələri sındırılır və s.
– Lənkərandakı “Böyük oyun”dan sonra həbs olunan azarkeşlərin taleyi necə olacaq? Siz heç bu məsələ ilə maraqlanmısız?
– Əlbəttə. Amma mənə verilən məlumata görə, onların saxlanılma səbəbinin futbola dəxli yoxdu. Onların azadlığa çıxmasına yardım etmək istərdim. Amma səbəblər başqadı, onun altına girə bilmərəm.
– Sizə elə gəlmirmi ki, daha böyük tarixə malik olan, bütün milli çempionatların iştirakçısı olan “Neftçi”ylə “Qarabağ”ın qarşılaşmaları çempionatın şah oyunu olmalıdı? Buna həmin komandaların indiki durumu da imkan verir…
– Nə qədər ki, Azərbaycan futbolunda “Neftçi”ylə “Xəzər Lənkəran” var, onların görüşündən daha böyük derbi olmayacaq. Bununla “Qarabağ”ın zəif olmasını demək istəmirəm. Ancaq stadionda istədiyimiz ab-hava yalnız “Xəzər Lənkəran” – “Neftçi” oyunlarında olur.
– Növbəti turun “Qarabağ” – “Neftçi” oyunu mövsümün ilk yarısının həlledici görüşü ola bilərmi?
– Maraqlı oyun gözləyirəm. Nazim Süleymanov yaxşı məşqçidi. Qurban Qurbanov da işə başladığı gündən özünü ən yaxşı formada isbatlayıb. Bu səbəbdən maraqlı oyun gözləyirəm.
– Haqqında danışdığınız 2 məşqçi kimi digər yerli məşqçilərə də daim dəstək verdiyinizi, uğuruna sevindiyinizi bilirik. Ancaq Tərlan Əhmədovun “məni “Neftçi”yə Ramin Musayev gətirib” deməsi birmənalı qarşılanmadı…
– Nazim müəllimin işsiz olduğu vaxt narahat idim. Hiss edirdim ki, o, yüksək səviyyədə işləmək üçün hazırdı və hansısa komandaya gedəcəyini gözləyirdim. Məncə, “Neftçi” düzgün seçim etdi. Əhmədova gəlincə, onun sözləri düzgün anlaşılmamışdı. O, yəqin demək istəmişdi ki, Ramin müəllim mənim haqqımda müsbət rəy verib. Çünki haqqında məndən soruşmuşdular, bacarıqlı olduğunu demişdim. Hamı deyirdi ki, Şahin Diniyevin işləməsinə mən imkan vermirəm. Amma Şahin müəllm özü də belə olmadığını bilirdi, təsdiq edə bilər. Diniyev “Rəvan” komandasına baş məşqçi təyin olunanda sevindim, hətta klub rəhbərliyinə zəng vurub dedim ki, istədiyinizə nail oldunuz. Gələn mövsüm Diniyevə istədiyi şərait yaradılsa, “Rəvan” Avropa Liqasına vəsiqə qazanacaq. Diniyev bunu bacarmasa, deməli, mən futbolu bilmirəm. Şahin müəllim yoxdan varlıq yaradır. İndi də elita klublarında işləməyə layiq olan yerli məşqçilərimiz çoxdu. Ad çəkməyəcəm, çünki kimisə yaddan çıxararam, məndən inciyər. Təkcə Ağasəlim Mircavadovu xüsusi qeyd edəcəm. O qədər uğuru olan məşqçinin ən azı məsləhətinə, ağsaqqal sözünə ehtiyacı olan klublarımız var, amma dəvət etmirlər.
– PFL niyə hamıdan çox tənqid olunur?
– PFL reklam vermir, ona görə onu istəmirlər. Klubları bu səbəbdən daha çox xoşlayırlar. Amma PFL-i istəyənlər də çoxdu.
– Sizə elə gəlmir ki, tənqidə özünüz şərait yaradırsız? Hansısa klubun istəyi ilə, yığmaya görə təqvimi tez-tez dəyişirsiz. Hətta ötən mövsüm aşağı yaş qrupundan olan yığmalara görə təqvimi, oyunların keçirilmə yerini bütünlüklə dəyişdiz…
– Milli komanda üçün hər şeyə dəyər. Bəzi insanlarımız o 70 ilin ab-havasından ayılmayıb. Avrokuboklarda mübrizə aparan klublarımız üçün, milli komandalar üçün istənilən çətinliyə dözməliyik. Həmin komandalar ölkəni təmsil edirsə, onlara kömək etməyə dəyər. Bizi tənqid edirlər ki, niyə Super Kubok oyununu vaxtında keçirmirlər? Avrokuboklara hazırlaşan klublara necə mane olaq? Biz onlara dəstək olmalıyıq. Bu cür tənqidlər yersizdi. Amma elə tənqidlər də olur ki, onlardan həqiqətən dərs alırıq.
– 2 xarici dövlətdən Topaz Premyer Liqasının oyunlarının yayım hüqünü almaqla bağlı təklif aldığınızı demişdiz. Ad açıqlamağın vaxtı deyilmi?
– Hələ danışıqlar gedir və ciddi təkliflərdi. Ad açıqlaya bilmərəm, kimisə reklam etmək istəmirəm. Bu məsələdə marağım təkcə maddi şərtlər deyil. Biz inkişafa, ölkə futbolunun tanınmasına çalışırıq. Bu məsələdə klublar udmalıdı, onlar da teleyayımdan müəyyən qədər irəli düşəcək ki, bu da onlara dəstəkdi. Bəzən bizi qınayırlar ki, PFL oyunlarımızın canlı yayımına şərait yaradır – bunu xüsusilə “Xəzər Lənkəran” edir – , belədə stadiona az tamaşaçı gəlir. Onları da başa düşürük. Ona görə düşünürük ki, yeni müqavilədə elə edək ki, oyunlar həmin bölgədə yayımlanmasın ki, azarkeşlər də stadiona getsin.
– Ümumiyyətlə, elita klublarının əsasən paytaxtı təmsil etməsi sizi narahat etmir?
– Bu problemin səbəbi sponsorlardadı. Onlar rayonlara getmək istəmir. Bəzən tənqid edirlər ki, Musayev “Turan”a, “Şəmkir”ə, “Şuşa”ya kömək edir. Yaxşı mən etmədim, başqa edən də yoxdu, bəs necə olsun? Edirsən də vay, etmirsən də vay.
– Yəqin bu səbəbdəndi ki, Bakıya yığışan sponsorlar da bəzən sizə rüşvət təklif edir. Özünüz demişdiz ki, bir komandanın rəhbəri ölkə kubokunu qazanmaq üçün sizə 1 milyon vəd edib.
– O, keçmiş AFFA rəhbərliyinin ab-havasıyla yaşayan bir klub sponsoru idi. Elə bilirdi ki, indi də elədi. Amma hər şeyin meydanda həll olunduğunu, qazanmaq üçün futbolçularının tər axıtmalı olduğunu başa saldım, getdi.
– Ad çəkmirsiz, heç olmasa, o klubun nəvaxtsa kubok alıb-almadığını deyin…
– (gülür) Yadımda deyil, alıb-almadığını bilmirəm. Amma qatar getdi.
– Xaricdə legionerlərimizin az olduğunu, futbolçuların evdə rahat pul qazanaraq kənara çıxmaq istəməmələrini nəzərə alsaq, sizə elə gəlmirmi ki, onların qazancına, müqavilə məbləğlərinə limit qoymağa ehtiyac var?
– Böyük ehtiyac var. Bu yaşıma kimi heç kimin pulunu saymamışam, amma limit qoyulmalıdı. Çünki yerli futbolçulara böyük pullar verilməsi düzgün deyil. Klublar həddi çox aşıb. PFL-in AFFA-yla birgə bir layihəsi var, onu reallaşdırmağa çalışacağıq. Verilən pullar layiqli olmalıdlı. 20-25 yaşlı uşaq Premyer Liqada böyük pul görür və elə bilir ki, artıq əla oyunçudu.
– “Unibank”, yoxsa “Topaz”?
– Hər ikisi. “Unibank” ilkə imza atdı, “Topaz”la isə çox normal işləyirik, bir-birimizdən narazı deyilik.
– Ölkə kubokunun yeni sponsoru olacaq?
– Elə qorxutdunuz ki, heç kim yaxın gəlmək istəmir. O qədər yazılar yazıldı ki, iş imzaya gələndə antireklamdan qorxduqlarını dedilər. Zorla məhəbbət olmaz.
FƏRİD söhbətləşib





