"Bakı" klubunun icraçı direktoru Yaşar Seyidovun futbolinfo.az saytına müsahibəsi
 
– "Bakı" Premyer Liqanın son turunda doğma divarlar arasında "İnter"ə məğlub oldu. Sizcə, rəqib daha güclüydü, yoxsa "Bakı" zəif idi?
– Biz zəif deyildik. Bərabər səviyyəli oyun getdi. Sadəcə, biz qol epizodlarından yararlana bilmədik. Yaxşı hücumlar qururduq. Təəssüf ki, son nöqtəni qoya bilmədik.
 
– "İnter"lə matçda bir qrup azarkeş baş məşqçi Milinko Pantiçi istefaya səslədi. Sizcə, bu, normaldı?
– Elə hal olmayıb. Heç bir azarkeş istefa şüarı səsləndirməyib. Özüm də stadionda olmuşam. Buna əsas da yoxdu.
 
– Demək istəyirsiz ki, klub rəhbərliyi Pantiçin işindən razıdı?
– Bəli, razıyıq. Şəxsən mənim onun işindən narazılığım yoxdu.
 
– Elədisə, komandanın qeyri-sabit çıxışının səbəbi nədi?
– Futbolda hər şey olur. Ağır oyunlarımız da olur, qələbəyə layiq olub uduzduğumuz görüşlər də var. Hələ çempionat davam edir. Düşünürəm ki, komanda özünə gəlib layiq olduğu yeri tutacaq.
 
– Son matçda "Bakı"nın müdafiəçisi Etto rəqib hücumçu Baçana Sxadadzeyə qarşı peşəkar futbolçuya yaraşmayan kobudluqla yadda qaldı, onu zədələdi. "Bakı" klubu olaraq Sxadadzenin durumu ilə maraqlanmısız?
– Həm mətbuatdan, həm də klubdan maraqlanmışıq. Deyilənə görə, ciddi bir şey yoxdu. Hər şey yaxın günlərdə, analizlərin nəticəsindən sonra bilinəcək. Ümid edirəm ki, yaxşı olacaq.
 
– Sizcə, Ettonun həmkarına qarşı bu cür kobud oynamasına ehtiyac var idi?
– Bu, sırf oyun epizodu zamanı olub. Bilərəkdən etdiyini düşünmürəm. Bütün futbolçuların qazanc mənbəyi futboldu. Onlar bir-birinə hörmət etməlidilər.
 
– Eşitdiymizə görə, klub futbolçuların məvacibini 2 aydı gecikdirir. "Bakı"da doğrudan da maliyyə problemi var?
– Əsassız və həqiqətə uyğun olmayan xəbərdi. Bu kimi şayiələri klubumuzu sevməyən, bizim inkişafımızı istəməyən insanlar yayır. "Bakı" futbol klubunun nəinki futbolçulara, hətta sıravi işçilərə belə əmək haqqı üzrə heç bir borcu yoxdu.
 
– "Bakı"nın aşağı yaş qrupundan bir neçə futbolçu Madrid "Atletiko"sunun düşərgəsinə yollanmışdı. Onların aqibəti necə oldu?
– Onlar hələ də İspaniyada klubun düşərgəsindədilər. Müntəzəm olaraq əlaqə saxlayırıq. "Atletiko" tərəfi də öz razılığını bldirib. Onların orada necə möhkəmlənə biləcəyini gələcək göstərəcək. Bu futbolçuların özündən aslıdı.
 
– Madridə yenə futbolçu göndərməyi düşünürsüz? Yoxsa elə həmin 5 nəfərlə kifayətlənəcəksiz?
– Dekabrın 4-də daha 24 futbolçu Madridə yollanacaq. U-14 komandamızın üzvlərinin "Atletiko"nun düşərgəsində təlim-məşq toplanışında olması ilə bağlı razılığa gəlmişik. Həmçinin "Bakı"nın U-19 komandası da Fransaya, "Lans"ın düşərgəsinə yollanacaq. Onların da, U-14-ün də həmyaşıdları ilə yoldaşlıq oyunları keçırməsi nəzərdə tutulub.
 
– Bir müddət əvvəl "Bakı"nın U-15 komandası Fransada həmyaşıdlarına böyük hesabla (0:15) məğlub olmuşdular. Bildiyimizə görə, onlar bundan başqa daha bir neçə yoldaşlıq görüşü keçiriblər. Amma bu barədə klubun rəsmi internet səhfəsində heç bir məlumat verilmədi…
– Əvvəlcə onu deyim ki, 0:15 hesabı şişirdilmiş bir rəqəmdi…
 
– Amma bu xəbəri sizin klubun mətbuat xidmətindən vermişdilər…
– Bu komandanın beş əsas oyunçucu "Atletiko"nun düşərgəsindədi. Əsas məğlubiyyət deyil. Uşaqlar orada məşqlər edirlər, baxırlar, öyrənirlər. Futbolu Avropada necə oynayırlar – bunu yavaş-yavaş mənimsəməyə başlayırlar. Digər iki yoldaşlıq görüşündə komandamız 0:4 və 0:2 hesabı ilə məğlub olub. Bu, normal haldı. Hafiz Məmmədovun atdığı bu addım gələcəyə hesablanıb. Azərbaycan futbolunun inkişafı üçün nəzərdə tutulub. Ona görə gəlin tələsməyək. Vaxtı çatanda bunun nəticəsini hamıməz görəcəyik, sevinəcəyik.
 
– Klubunuzda baş verənlərlə bağlı münasibət öyrənməyə adam tapmaq müşkülə çevrilib. "Bakı"da bu gün konkret olaraq mətbuat xidməti vəzifəsini kim yerinə yetirir?
– Yaxın günlərdə klub prezidentinin seçimi ilə onun adını açıqlayacağıq.
 
– Amma çempionatın nızamnaməsinə əsasən klubunuz mətbuat xidmətinin ad, soyadı göstərməliydi…
– Mən sizi başa düşürəm. Haqlısız. Bu, yaxın günlərdə açıqlanacaq.
 
KƏMALƏ İSMAYILOVA
Shares: