Ötən mövsümlərdə Azərbaycan çempionatının 1-ci divizionunda çempion olan klublar, eləcə də buna hüququ çatan digərləri elitaya yüksələ bilməmişdi. Futbolinfo.az xəbər verir ki, buna səbəb isə həmin klubların lisenziya ilə bağlı olan problemləri idi. Bəs indi vəziyyət nacədi? Cari mövsümdə divizion təmsilçiləri lisenziya problemlərini həll etməyə çalışırmı?
 
Məsələyə aydınlıq gətirmək üçün öncə AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədovla əlaqə saxladıq. Sorğu vasitəsilə suallarımızı cavablandıran Məmmədov bunları bildirdi: "UEFA-nın klub yarışlarında iştirak etmək üçün lisenziyalaşdırma sistemi UEFA tərəfindən AFFA da daxil olmaqla bütün üzv assosiasiyalarda 2004-2005-ci il mövsümündən tətbiq edilməyə başlanıb.
 
Lisenziyalaşdırma sistemi UEFA yarışlarında iştirak edən klublar qarşısında eyni tələbləri qoyur və tətbiq prosesində bərabərlik və bitərəfliyi təmin edir. Həmçinin qeyd etmək lazımdı ki, əvvəllər müxtəlif illərdə Azərbaycan çempionatlarında müəyyən klublar bir müddət çıxış edib və fəaliyyətini dayandırıb. Bu kimi halların qarşısını almaq və Premyer Liqa klublarının vəziyyətinə nəzarət etmək məqsədilə AFFA 2009/10-cu il mövsümündən etibarən Premyer Liqa yarışlarında iştirak etmək üçün klubların lisenziyalaşdırma sisteminin tətbiqinə başlayıb. UEFA-nın klub yarışlarında iştirak etmək üçün lisenziya almış komandalar avtomatik olaraq Premyer Liqa yarışlarına da lisenziya almış olurlar.
 
Qısaca olaraq, lisenziya almaq üçün tələblər 5 meyardan ibarətdi və onlar aşağıdakılardı:
 
1. İdman meyarları – əsasən uşaq-gənclər futboluna aid tələblər, (məs. uşaq komandalarının minimum sayı, onların qeydiyyatı, inkişaf proqramı və s.)
 
2. İnfrastruktur meyarları – klubun hər bir komandası rəsmi oyunların və məşqlərin keçirilməsi üçün müəyyən tələblərə cavab verən meydança ilə təmin olunmadırlar
 
3. Kadr-inzibati meyarları  – klubda çalışan əməkdaşlar (məs. baş məşqçi, köməkçisi, həkim, mətbuat katibi və s.) müəyyən ixtisas dərəcələrinə sahib olmalıdırlar
 
4. Hüquq meyarları – klubun hüquqi sənədləri (nizamnamə və s.) yoxlanılır
 
5. Maliyyə meyarları – klubun maliyyə hesabatı auditdən keçməlidir, klubun oyunçulara, əməkdaşlara, sosial və vergi fondlarına və s. borcu olmamalıdır və s.
 
Klublar lisenziyalaşdırma prosesindən keçmək məqsədilə ərizə ilə müraciət etməlidilər. Hələ vaxtları var. Bundan sonra isə artıq lisenziya üçün müraciət etmiş klubların adları bilinəcək”.
 
Məsələylə bağlı klub rəhbərlərinin də fikirlərini öyrəndik. "Qaradağ Lökbatan"ın prezidenti Tahir Mustafayev saytımıza açıqlamasında bunları bildirdi: "Biz klubdan bir nəfəri bu işlə məşğul olmaq üçün ayırmışıq. AFFA tərəfindən hansı tələblərin qoyulduğunu açıqlamaq istəmirəm. Çünki elə şeylər var ki, bizim problemlərimiz var və çalışırıq ki, həmin problemləri həll edək. Mərhələ-mərhələ bunu həll etməyə çalışırıq".
 
"Neftçala"nın icraçı direktoru Vidadi Məmmədov isə lisenziya hazırlığının başlandığını söyləyib: "Bununla bağlı artıq işlərə başlamışıq. Keçən dəfə FİFA-nın Lisenziyalaşma və Maliyyə meneceri gəlmişdi. Onunla görüşmüşük. Çalışırıq ki, hər şey qanuna uyğun olsun. Proqramda struktur, maliyyə, kadr hazırlığı ilə bağlı məsələlər var. Biz də bununla bağlı hazırlıq aparırıq. Hesab edirəm ki, bu mövsüm lisenziya məsələsini həll edərik".
 
Göründüyü kimi, AFFA rəsmisi heç bir klubun ərizə təqdim etmədiyini, klub nümayəndələri isə işlərin qaydasında getdiyini bildirir. Kimin lisenziya alıb-almayacağını görmək üçün bir az səbr etmək lazımdı. Amma yəqin açıqlamalardan da hiss etdiz ki, vəziyyət yenə dəyişməyib. Azı 2 dəfə başı daşdan-daşa dəyən klublar yenə də astagəlliyi ilə seçilir.
 
RÖVŞƏN ƏHLİMANOĞLU
Shares: