"Qarabağ"ın müdafiəçisi Maksim Medvedevin futbolinfo.az saytına müsahibəsi
– AZAL-la çətin oyun keçirdiz. Həmin görüşlə bağlı fikirləriniz maraqlı olardı…
– Qarşılaşma bizim üçün uğurlu oldu. AZAL-ı məğlub etdik. Həqiqətən, maraqlı oyun alındı. "Qarabağ" rəqibdən daha üstün futbol oyun nümayiş etdirdi. Nəticədə də, mərhələdə adlayan tərəf biz olduq.
– Rəqibin 80-ci dəqiqədə azlıqda qalması "Qarabağ"ın işinə nə dərəcədə yaradı?
– Rəqib 11 nəfərlə də müdafiə futbolu oynayırdı. Qırmızı vərəqədən sonra istər-istəməz onların müdafiəsi zəiflədi. Hiss olundu ki, rəqib komandada boşluqlar var. Biz də bu boşluqlardan istifadə edib qol vurduq.
– Azərbaycan kuboku yarışlarının 1/4 mərhələsində rəqibiniz "Qəbələ"di. Komandaların şanslarını necə qiymətləndirirsiz?
– Komandaların şansları bərabərdi. "Qəbələ"nin hüçüm xəttində güclü futbolçular var. Bizim üçün çox çətin olacaq. Buna baxmayaraq qələbə qazanmağa çalışacağıq.
– Qarşıda sizi "Neftçi" ilə Azərbaycan derbisi gözləyir. Komandanın bu matça hazırlığı necə gedir?
– Digər qarşılaşmalar kimi, bu oyuna da ciddi hazırlaşırıq. Bilirik ki, "Neftçi" çətin rəqibdi. Hazırda turnir cədvəlinin lideridi. Hər iki komanda yaxşı futbol nümayiş etdirir. "Neftçi"yə qalib gəlməyə çalışacağıq. İnanıram ki, azarkeşlər də maraqlı qarşılaşmanın şahidi olacaqlar.
– Kubokdakı AZAL-la qarşılaşmadan 4 gün sonra "Neftçi" ilə matça çıxacaqsız. Vaxtınızın az olması komandanın bu oyuna tam hazır olmasına problem yaratmayacaq ki?
– Ardıcıl itirilən xallardan sonra AZAL üzərində qazandığımız qələbə komandanın əhval-ruhiyyəsini yüksəltdi. Düzdü, qısa zaman kəsiyində daha bir çətin oyunumuz var. Buna baxmayaraq, "Neftçi" də kubok oyununa çıxıb. Yəni, hər iki komanda 90 dəqiqə güc sərf edib. Fikrimcə, meydanda bərabər səviyyəli oyun gedəcək.
– "Neftçi" ilə oyun öncəsində heyətlə bağlı hansı çatışmazlıqlar var?
– Bildiyiniz kimi, Admir Teli zədəlidi. Hazırda Bədavi Hüseynov onun yerində layiqincə çıxış edir. Zaman keçdikcə komandaya daha da uyğunlaşır. Komandamız ona, o da kluba inanır.
– "Neftçi" ilə oyunda qələbə qazanmaq şanslarınızı necə dəyərləndirirsiz?
– "Neftçi" ilə oyun öz meydanımızda baş tutacaq. Buna baxmayaraq, şanslar bərabərdi. Fikrimcə, "Bakcell Arena"da da oynasaydıq, yenə şanslar bərabər olardı.
– Ardıcıl olaraq 3 turda xal itirmənizin səbəbini nədə görürsüz?
– Bunu bəxtsizlik amili kimi qeyd etmək olar. Ötən oyunlara nəzər saldıqda görərik ki, qol imkanlarımız çox olub. Sadəcə, qol vura bilmədik. İnşallah, itirdiyimiz xalları gələcək oyunlarda bərpa edəcəyimizə inanıram.
– Son 3 qarşılaşmada komandanın 1 qol vurması, hücum xəttinin zəif olduğunu deməyə əsas verirmi?
– Yüz faizlik qol imkanlarından istifadə edə bilmirik. Yenə qeyd edim ki, bəxtimiz gətirmir. Qol vurmaq üçün hər şey edirik, qol vura bilmirik. Rəqib qapıçıların da möhtəşəm oyununu qeyd etmək lazımdı.
– "Qarabağ"a qarşı sanki bütün rəqiblər xüsusi olaraq hazırlaşır…
– Bu, normal haldı. Hamı bilir ki, "Qarabağ" güclü komandadı. Rəqib məşqçilər də bizim oyunları analiz edirlər ki, "Qarabağ"a qarşı necə oynayaq? Hər kəs istəyir ki, "Qarabağ"a qalib gəldikdən sonra, durub desin ki, biz onları məğlub etdik, bizə halaldı.
– "Qarabağ"ın bu mövsüm maraqlı statistikası var. Komanda 4 oyun qalib gəlir, sonradan xal itirir. Bu tendesiyaya əsasən demək olarmı ki, "Qarabağ" "Nefçi" ilə oyunda da xal itirəcək?
– Fikrimcə, təsadüf nəticəsində belə statistika alınıb. Bu, "Neftçi" ilə oyunda təkrarlanmayacaq. İkinci dövrədə 3 oyunumuz qalıb. Çalışacağıq ki, bu üç oyundan maksimum nəticə qazanaq. İkinci dövrəni yüksək səviyyədə başa vurmaq istəyirik.
– AFFA İntizam Komitəsi sizinlə oyun öncəsi "Neftçi"nin yarımmüdafiəçisi Flavinyonu bağışladı. Buna münasibətiniz necədi?
– Bu, normal bir şeydi. Düzdü, Flavinyo bizimlə oyunu buraxmalıydı. "Neftçi"nin azarkeşləri də istəyirlər ki, ən güclü rəqibə qarşı yaxşı futbolçuları mübarizə aparsın. Biz heç bir futbolçudan çəkinmirik. İstənilən futbolçuya qarşı oynamağa hazırıq. Flavinyo elə futbolçu deyil ki, "Neftçi"ni belində daşısın. "Neftçi"də onu əvəz edə biləcək futbolçular var. Biz hazırlaşanda "Neftçi"nin ən güclü heyətinə qarşı hazırlaşırıq. Biz də istəyirik ki, "Neftçi" bizə qarşı ən güclü heyəti ilə oynasın.
-"Neftçi" ilə oyundan sonra sizi "Bakı" və "İnter"lə çətin oyun gözləyir…
– Hazırda biz "Neftçi" ilə oyunu fikirləşirik. Çox şey "Neftçi" ilə oyundan asılı olacaq. "Neftçi"yə qalib gəlsək, növbəti oyunlarda əhval-ruhiyyəmiz yaxşı olacaq.
– Qış fasiləsinə "Qarabağ"ın lider kimi yollanmaq şanslarını necə dəyərləndirirsiz?
– Hər komanda istəyir ki, ikinci dövrəni lider kimi başa vursun. Bizimlə yanaşı ,"Neftçi" və "Qəbələ" də əlindən gələni edəcək ki, yeni ilə lider kimi başlasın.
– Çempionluq yolunda özünüzə əsas rəqib kimi hansı komandanı görürsüz?
– "Qəbələ" və "Neftçi"ni. Hazırda hamı eyni səviyyədədi. Hər şey yeni ildən sonra dəyişəcək. Çünki komandalara yeni futbolçular cəlb olunacaq. Bununla yanaşı çempionatda yaranan fasilədən istifadə edib "İnter", "Bakı", "Xəzər Lənkəran" da güclənəcək.
EMİN SƏFƏROV





