Almaniyanın "Deutch Welle" kanalı futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqtsla bağlı maraqlı süjet hazırlayıb. Futbolinfo.az xəbər verir ki, kanalın yaydığı xəbərə görə, alman məşqçi Bakıya son səfəri zamanı yeni müqavilə şərtlərini müzakirə edib. AFFA rəhbəriyi ilə görüşən mütəxəssis həm seçmə mərhələdəki son oyunlarla bağlı hesabat verib, həm də yeni mövsüm üçün planlarını açıqlayıb.
 
"Azərbaycan millisi seçmə mərhələnin son oyunlarını yüksək səviyyədə keçirdi. Şimali İrlandiya üzərində parlaq qələbədən sonra Berti Foqtsun komandası az qala Rusiyanı məğlub edəcəkdi. Azərbaycan futbolçularında inkişaf göz qabağındadı. Əvvəllər normal mübarizə aparmağı bacarmayan komanda indi 90 dəqiqə topla mübarizə göstərir, hətta hücum da edir. İlin sonunda federasiyanın Berti Foqtsla müqaviləsinin müddəti başa çatır. 6 il Azərbaycanda çalışan alman hələ vətənə qayıtmaq barədə düşünmür. Foqts hələlik taleyi barədə danışmaq fikrində deyil. Əldə etdiyimiz məlumata görə, Bakıya son səfəri zamanı ona yeni müqavilə təklif olunub. Müqavilə şərtləri iki tərəf arasında müzakirə olunub, lakin yekun qərar qəbul edilməyib. Güman ki, həftəsonu federasiya rəhbərliyi (İcraiyyə Komitəsi nəzərdə tutulur – red.) yeni müqaviləni müzakirə edərək onu təsdiqləyəcək. AFFA onun işindən razıdı. Azərbaycan yığması tarixində ilk dəfə seçmə mərhələdə 9 xal toplayıb. Komandada yeni adlar meydana çıxıb. Bu mənada, Foqtsa işini davam etdirməyə şans verilməsi normaldı. Digər tərəfdən, son aylar mətbuatda Azərbaycan yığmasının baş məşqçisi postuna digər real namizədin adı hallanmayıb. Əgər Azərbaycan Foqtsu saxlamaq istəməsə, digər namizədlərin olduğu açıqlanardı.
 
İndiki halda Foqts daha yaxşı namizəddi. Çünki, bu ölkənin futbol yığmasına başçılıq etmək asan deyil. Azərbaycan futbolçuları ancaq yerli çempionatda çıxış edir. Digər xarici çempionatlarda oynamır. Belə olan halda futbolçuların səviyyəsi yüksək deyil. Azərbaycan çempionatını Avropa birincilikləriylə müqayisə etmək olmaz. Klublar yalnız təsnifat mərhələsində çıxış edir, avrokuboklarda uzağa gedə bilmir. Ona görə millini tez bir zamanda dəyişmək çətindi. Berti Foqts Azərbaycan yığmasında ən çox çalışan məşqçidi. Onun müqaviləsi 2 dəfə artırılıb və 6 il milliyə rəhbərlik edib. Ona qədər məşqçilər ən yaxşı halda 1 il çalışıb".
 
Xatırladaq ki, AFFA İcraiyyə Komitəsinin iclası dekabrın 18-nə təyin olunub. Həmin iclasda millinin yeni baş məşqçisinin taleyinə aydınlıq gələcək.
Shares: