Topaz Premyer Liqasının 17-ci turunda “Qəbələ” səfərdə “Neftçi”nin qonağı olacaq. Futbolinfo.az xəbər verir ki, "qırmızı-qaralar" üçün bu oyun ili ikinci yerdə bitirmək baxımından böyük önəm kəsb edir.
 
Əldə etdiyimiz məlumata görə, məhz bu üzdən "Qəbələ" rəhbərliyi bu oyun ərəfəsində futbolçular üçün yüksək məbləğdə mükafat təyin edib. Hətta paytaxt klubu üzərində qələbə müqabilində hər futbolçuya 40 min manat mükafat veriləcəyi bildirilir.
 
Bunu dəqiqləşdirmək üçün klubun baş meneceri Zaur Əzizovla əlaqə saxladıq. Lakin o, 40 min mükafat iddiasını təkzib etdi: "Yox, bunlar əsassız məlumatdı. Bütün oyunlara nə qədər mükafat qoyulursa, elə bu oyunda da eyni məbləğ olacaq. Bu, çempionatın əvvəlində müəyyənləşib. Mükafatın artırılması haqqında qərarı ancaq klub prezidenti Tale Heydərov verə bilər. Amma indiki halda belə bir xəbər yoxdu”.
 
Əzizov komandanın son çempionla oyuna hazırlığına da toxunub: “Bu matça da adi qaydada  hazırlaşırıq. Komandamız meydana həmişə qələbə üçün çıxıb. "Neftçi" ilə səfər oyununda da 3  xal qazanmağa çalışacağıq. Bu gün “Qəbələ” Bakıya gələcək və hazırlıqları orda davam etdirəcək”.
Shares: