Azərbaycan 1-ci divizionunda 14-cü tura yekun vurulub. Futbolinfo.az xəbər verir ki, turun son qarşılaşmasında “Neftçala” “Araz Naxçıvan”ı qəbul edib.
“Bayıl Arena”da keçirilən oyun Neftçala təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb – 1:0.
Naxçıvan təmsilçisinin baş məşqçisi Əsgər Abdullayev oyundan sonra jurnalistlərə verdiyi açıqlamada komandasından narazı qaldığını dilə gətirib: "Bugünkü oyun haqda nə deyə bilərəm ki? Məğlubedilməz komanda yoxdu. Futbolda hər şey ola bilər. Futbolçularımdan narazıyam. Yenə deyirəm ki, uduzmayan komanda yoxdu. Bəlkə də bu ayılmağımız üçün bizə vaxtında vurulan sillə idi. Bundan nəticə çıxarmalıyıq. Hakimlik haqda danışmaq istəmirəm. Digər məsələlərə də münasibət bildirməyəcəm. Mənə elə gəlir ki, qalan şeylər futbola oxşamırdı".
Daha sonra "Neftçala"nın baş məşqçisi Bəhram Şahquliyev Fariz Yusifovun idarəçəliyindən narazı qaldıqlarını bəyan edib: "Çətin oyun keçəcəyini bilirdik. Qələbə qazandıq və buna görə futbolçularıma təşəkkür edirəm. Azlıqda qalsaq da, qələbə bizim oldu. Neçə oyun olub ki, biz məğlub olmuşuq, amma hakimlikdən narazılıq etməmişik. Lakin bu dəfə qələbə qazansaq da, hakimlikdən narazı qaldım. Hər kəsin niyyətini bilmək olur. Komandaya bu cür şərait yaradıb, dəstək verdiyi üçün klub prezidentinə təşəkkür edirəm".





