“Xəzər Lənkəran”ın hücumçusu Franko Nildonun futbolinfo.az saytına müsahibəsi
– Komandanız son turda “Rəvan” üzərində çətin qələbə qazandı…
– Bu qələbə bizim üçün vacib idi. Axı turnir cədvəlindəki vəziyyətimiz heç də ürəkaçan deyil. Ona görə də 3 xal qazandığımız üçün sevinə bilərik.
– Bir hücumçu kimi bu hesabdan razısız?
– Yox, razı deyiləm. Düşünürəm ki, digər oyunçular da bu hesabdan narazıdılar. Biz daha çox qol vurmalı idik. Amma nəticə etibarı ilə götürsək, bizə sadəcə 3 xal lazım idi. Həmçinin doğma meydanda oynayırdıq. Başqa cür olsaydı və biz yenə xal itirsəydik, artıq bizim üçün çox pis olacaqdı.
– Komanda ikinci hissədə daha çox müdafiə olundu…
– Bu, normal idi. Birinci amil odu ki, biz hesabda öndə idik və rəqib qol üçün irəli atılmışdı. Ona görə də komanda özündən asılı olmayaraq müdafiə olunurdu. İkinci amil isə Mustafa Dənizli komandaya yeni baş məşqçi təyin olunub. O da komandaya müəyyən tapşırıqlar vermişdi. Həm də biz qalib gəlməli idik. Azarkeşlərimiz komandadan narazıdılar, küskündülər. Bunları aradan qaldırmaq lazımdı. Dənizlinin gəlişindən sonrakı oyunlara nəzər salsaq, komanda yaxşıya doğru irəliləyir. Biz onunla uğurlara imza atacağımıza inanırıq.
– “Xəzər Lənkəran”lı fanatlar sizdən narazıdı və hər dəfə meydana çıxanda sizi fitə basırlar. Buna münasibətiniz necədi?
– Mən hazırda karyeramın ən pis dövrünü yaşayıram. İnana bilmirəm ki, bu qədər şanslardan istifadə edə bilmirəm. Ötən mövsüm AZAL-ın heyətində 21 qol vurmuşdum. Ümumiyyətlə, çıxış etdiyim komandalarda çoxlu qollar vurmuşam. Bu mövsüm isə “Xəzər Lənkəran”da pis çıxış edirəm. Bunu aradan qaldırmağa çalışacağam.
– Mən hazırda karyeramın ən pis dövrünü yaşayıram. İnana bilmirəm ki, bu qədər şanslardan istifadə edə bilmirəm. Ötən mövsüm AZAL-ın heyətində 21 qol vurmuşdum. Ümumiyyətlə, çıxış etdiyim komandalarda çoxlu qollar vurmuşam. Bu mövsüm isə “Xəzər Lənkəran”da pis çıxış edirəm. Bunu aradan qaldırmağa çalışacağam.
– Premyer Liqanın ikinci dövrəsində daha qollar vuracağını azarkeşlərə söz verə bilərsiz?
– Mən hamıdan öncə özümə söz vermişəm ki, üzərimdə daha çox işləyəcəm. Mövsümün ikinci hissəsində çox yaxşı şeylər olacağını düşünürəm. İnanıram ki, bunun öhdəsindən gələcəm.
– Con Toşakın gedişindən sonra meydanda çox az görünürsüz…
– Komandada kim daha yaxşıdısa, o, daha çox meydanda olur. Bu gün Etame Mbilla daha yaxşı çıxış edir və daim da əsas heyətdə meydana çıxır.
– Dənizli ilə münasibətləriniz necədi?
– Dənizli yaxşı məşqçidi. Komandamız onunla uğur qazanacaq.
– Meydanda az olmağınızı nəzərə alsaq, yanvarda komandadan gedə bilərsiz?
– Yox, mənim “Xəzər Lənkəran”la müqaviləm var. Ən azı müqavilənin sonuna qədər burada qalmaq istəyirəm.
– Növbəti oyunda “Sumqayıt”la qarşılaşacaqsız. Bu komandanı indidən məğlub etdiyinizi demək olar?
– Belə fikirləşmək düzgün deyil. Bütün komandalara hörmət etmək lazımdı. Bu, hər bir komanda üçün önəmlidi. “Sumqayıt”a da ciddi yanaşırıq. Amma bu oyunda mütləq bizə 3 xal lazımdı. Meydana qələbə üçün çıxacağıq. Çünki turnir cədvəlində oyundan-oyuna mövqeyimizi yaxşılaşdırmalıyıq.
– “Sumqayıt”la oyunda ilk “11-lik”də yer ala biləcəksiz?
– Buna ümid edirəm. Hər gün üzərimdə daha çox işləyirəm. Hər zaman da meydana çıxmağa hazıram.
ELSEVƏR





