Xəbər verdiyimiz kimi, Topaz Premyer Liqasının 18-ci turu çərçivəsində doğma meydanda "Neftçi" ilə qarşılaşan AZAL 2:1 hesabıyla qələbə qazandığı görüşdə ciddi itki ilə üzləşdi. Futbolinfo.az xəbər verir ki, bu görüşün sonlarında Elvin Yunuszadə tərəfindən çox ciddi kobudluğa məruz qalan və ağır zədələnən "təyyarəçilər"in kapitanı Viktor İqbekoyi meydanı xərəkdə tərk etmək məcburiyyətində qaldı.
Artıq legioner hücumçunun durumuna aydınlıq gəlib. Paytaxt klubunun mətbuat xidmətinin rəhbəri Eldəniz Yusifov onun artıq həkim müayinəsindən keçdiyini bildirib: "Viktoru səhər saatlarında həkim müayinəsinə göndərmişik. Dəqiq diaqnoz hələ qoyulmayıb. Ancaq onu deyə bilərəm ki, futbolçumuzun ayağında sınıq və ya qırığa rast gəlinməyib. Çox güman ki, 15 gündən sonra yenidən yaşıl meydanlara qayıdacaq".





