Qış təlim-məşq toplanışını Antalyada keçirəcək "Qəbələ"nin yoldaşlıq görüşü keçirəcəyi komandalardan biri məlum olub. Futbolinfo.az xəbər verir ki, bölgə klubu Türkiyə Super Liqasında mübarizə aparan "Konyaspor"la qarşılaşacaq.
 
Bu barədə Türkiyə mətbuatına Konya təmsilçisinin meneceri Seyit İçgül məlumat verib: "Təlim-məşq proqramımız dəqiqləşib. Yanvarın 17-nə qədər Antalyada qalacağıq. 4 və ya 5 yoldaşlıq görüşü keçirəcəyik. Hələlik yoldaşlıq görüşü keçirəcəyimiz klublardan ikisi məlumdu. Yanvarın 10-da "Ərciyəsspor", 16-da isə Azərbaycanın "Qəbələ" klubu ilə görüş keçirəcəyik".
 
"Qəbələ" klubunun meneceri Səbui Səfiyarlı saytımıza verdiyi açıqlamada İçgülün dediklərini təsdiqləyib: "Hələlik dəqiqləşən təkcə "Konyaspor"du. Digər yoldaşlıq oyunları ilə bağlı danışıqlar gedir. Bir də Sofiya ÇSKA-sı (Bolqarıstan) ilə ayın 27-nə görüş planlaşdırmışdıq. Lakin klub təlim-məşq toplanışını təxirə saldığı üçün bu yoldaşlıq görüşü baş tutmayacaq".
Shares: