2012-ci ilin yayında Almaniyanın "Köln" klubundan "Qarabağ"a transfer olunmuş Miro Varvodiç 2013-cü ilin son ayının əvvələrində komandadan göndərildi. Avroliqada bir o qədər də pis təsir bağışlamayan Varvodiç gözlənilmədən baş məşqçisi Qurban Qurbanovun qara siyahısına düşmüşdü.
"Qarabağ" qapı mövqeyində elə də ciddi problem olmadığı bir vaxtda oktyabr ayında Türkiyə Super Liqasından tanıdığımız bosniyalı İbrahim Şehiçi transfer etməsi təəccüblə qarşılanmaya bilməzdi. Düzdü, klub rəsmiləri Şehiçin transferini Mironun komandadan göndərilməsi üçün atılan addım olmadığını deyirdi. Ancaq hər kəsin gözlədiyi kimi Varvodiç komandadan göndərildi.
Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə Varvodiçin komandadan göndərilməsinə səbəb onun siqaret çəkməsi olub. Mironun idmançıya yaraşmayan bu hərəkətindən sonra Qurbanov xorvatiyalı əlcək sahibini heç ilk "18-liy"ə belə daxil etmədi. Komandasında intizam qaydalarına əməl olunmasına üstünlük verən Qurbanov onun bu hərəkətini heç cür bağışlamayıb.
Qeyd edək ki, Topaz Premyer Liqasının 12-ci turu çərçivəsində "Qarabağ"ın "Qəbələ" ilə mühüm qarşılaşmaya hazırlaşdığı bir vaxtda Varvodiç matç öncəsi komandası ilə birgə olmaq əvəzinə sevgilisi ilə Bakıda gəzintiyə çıxımışdı.





