"Rəvan"ın müdafiəçisi Aqil Nəbiyevin futbolinfo.az saytına müsahibəsi
– 2013-cü il sizin üçün nə ilə yadda qaldı?
– Düzü, elə də yaddaqalan ciddi bir şey olmadı.
– Bəs 2014-cü ildən nə gözləyirsiz?
– Allah bilir. Bizim istəyimizlə nəsə həll olunmur.
– Allah bilir. Bizim istəyimizlə nəsə həll olunmur.
– Baş məşqçi dəyişikliyinə münasibətiniz necə oldu?
– Düzü, bu hadisə olanda mən rayonda idim. Xəbəri idman saytlarından oxudum. Şahin Diniyev öz istəyi ilə komandadan ayrılıb. Bu, Şahin müəllimin qərarıdı. Qərara da hörmətlə yanaşmaq lazımdı.
– Onun komandadan ayrılacağını gözləyirdiz?
– Xeyr, təbii ki, gözləmirdim. Çünki, komandanın sükanı arxasına yeni keçmişdi. İnanmırdım ki, bu qədər tez bir vaxtda komandadan ayrılacaq. Ancaq nəyə görə ayrıldığını bilmirəm. Yenə deyirəm, fikirlərinə hörmətlə yanaşmaq lazımdı.
– Yeni baş məşqçiniz Güvenç Kurtar haqda nə bilirsiz?
– Düzü, yeni baş məşqçini hələ dəqiq tanımıram. Çünki, iki gündü komandanı məşq etdirir. Hiss olunur ki, təcrübəli məşqçidi. Qış hazırlıq dönəmində istədiyi futbolçuları komandaya cəlb edib, komandaya xeyir verə bilər.
– Türkiyəli mütəxəssisdən nə kimi dəyişiklər gözləyirsiz?
– Komandamız hazırda 9-cu yerdə qərarlaşıb. Aktivimizə yazdığımız xallar çox azdı. Komandada mütləq dəyişikliklər olmalıdı. Çox güman ki, baş məşqçi oyunlarımızın videoyazısını izləyib, dəyişiklər haqda düşünəcək.
– Artıq icarə müddətiniz bitir. "Bakı"ya dönəcəksiz?
– Mənim "Bakı"ya qayıtmaq fikrim yoxdu. Çünki "Bakı"dan öz istəyimlə ayrılmışam. Məşqçi ilə problemlərim var idi. Bunun üçün də rəhbərliklə danışıb, ayrıldım. May ayına kimi "Rəvan"dayam. Ondan sonra yəqin ki, transfer haqda düşünəcəm.
– Legioner həyatı yaşamaq haqda düşünmürsüz?
– Yaxşı təklif olsa, niyə də düşünməyim? Hər bir futbolçu yaxşı klubda oynamaq istər. Amma yaxşı klub yoxdusa, getməyə dəyməz. Hər il Türkiyənin PTT 1-ci liqasından təkliflər olur. Düzdü, orada da yaxşı komandalar var. Ancaq orada 1-ci liqa komandalarında oynamaqdansa, burada qalmaq yaxşıdı. Çünki, klubların maddi problemləri var.
– Sizcə, futbolçularımızın legioner həyatı niyə tez bitir, uğursuz alınır?
– Bunların hamısı həmin klubların maddi sıxıntılarından irəli gəlir. Məsələn, Cavid Hüseynov "Adana Demirspor"da çıxış edərkən müsahibələrində qeyd edirdi ki, klubun maddi problemləri var, pul ala bilmirəm, hətta yeməyi də özüm alıram. Yəni, elə bir klublarda oynamaqdansa, getməmək daha yaxşıdı. Problemlər olanda istər-istəməz futbolçuya psixoloji cəhətdən təsir edir.
EMİN SƏFƏROV





