Valentin Qranatkinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə Yaponiya və Azərbaycan yığmaları arasında bu gün keçirilmiş oyundan sonra komandamızın baş məşqçisi Nikolay Adam fikirlərini açıqlayıb. Futbolinfo.az xəbər verir ki, almaniyalı mütəxəssis 1:4 hesabıyla uduzduğumuz görüşlə bağlı öncə bunları söyləyib:
– Yaponiya yığmasını qələbə və qrup birinciliyi münasibəti ilə təbrik edirəm. Mənə oyunu şərh etmək çətindi. Belə ki, qırmızı vərəqə oyunun bütün təsvirini dəyişdi. Hakimin işini şərh edə bilmərəm. Ancaq mənə elə gəlir ki, bu andan əvvəl oyundankənar vəziyyət vardı. Hakimlər bunu qeydə almadılar. Ötən oyunlardan fərqli, bu dəfə oyunun taktiki sxemini tamamilə dəyişmişdik. Heyətdə əvəzetmələr etmişdik. Müdafiədə yüksəkdən oynayırdıq. Ola bilər ki, oyunçumuz qovulmasaydı, yaxşı nəticə əldə edə bilərdik.
– Mətbuat konfransı ərəfəsində sizə komanda ilə ünsiyyət üçün ikicə dəqiqə vaxt verilməsini istədiniz. Onlara nə dediniz?
– Bağışlayın, ancaq bu, məxfi məlumatdı. Fasilədə onlara nəyi və necə dediyim kimi. Ancaq əminəm ki, oyunçulara çatacaq və onları ayıldacaq sözləri tapa bilmişəm. Özünüz gördünüz ki, azlıqda qalmaqlarına rəğmən, ikinci hissədə necə oynamağa başladılar.
– Bu yarışda hansı problemlər sizin üçün daha çətin oldu?
– Yarış haqda ümumilikdə danışsaq, onda ilk növbədə təqvim. Səkkiz günə beş oyun – bu, çox çətindi. Özü də heyətin yarısının 17 yaşdan kiçik olduğunu nəzərə alsaq, onları bu yaşda belə yüklənməni çəkməsi çətindi. Qalanı isə adi qaydada – zədələr, uyğunlaşma.
– Hansı komanda ilə pley-offda görüşmək istərdiniz və oyunun taktiki sxemini dəyişəcəksinizmi?
– Bu, kimlə qarşılaşacağımızdan asılıdı. Ancaq qətiyyətlə deyə bilərəm ki, əvvəlki oyunlarda olduğu kimi, qarşıdakı oyunlarda da qələbəyə oynayacağıq!





