Xəbər verdiyimiz kimi, qış tətilini başa vuran “Bakı” bu gün bir araya gəlib. Futbolinfo.az xəbər verir ki, plana əsasən komanda ilk gündə iki məşq keçib.
 
Əvvəlcə saat 11:00-da klubun təlim-məşq bazasında baş tutan hazırlığa köməkçi məşqçi Mario Fernandes rəhbərlik edib. Öncə isinmə hərəkətlərinə yer verən çalışdırıcı ardından futbolçuları 3 qrupa bölərək onları meydanboyu qaçırdıb. Birsaatlıq yüngül və sürətli qaçışın ardından oyunçular dartınma hərəkətlərini icra edib. Bununla da “Bakı” yeni ildə ilk məşqini başa vurub. Saat 15:00-da isə futbolçular trenajor zalında çalışıb.
 
Xatırladaq ki, “Bakı” yanvarın 11-də İspaniyaya təlim-məşq toplanışına yola düşəcək. Yanvarın 26-na kimi İspaniyanın Marbelya şəhərinin “Quadalmina” otelində məskunlaşacaq komandanın bu müddətdə 4 yoldaşlıq görüşü keçirməsi nəzərdə tutulur. Sınaqçı-rəqiblərin adları yaxın günlərdə dəqiq bilinəcək. 
Shares: