"İnter"in şərəfini qoruyan Asif Məmmədovun futbolinfo.az saytına müsahibəsi
 
– Hazırlıq prosesi necə gedir?
– Hazırlıq yüksək səviyyədə keçir. Gündə 2 dəfə məşq edirik. Səhər fiziki hazırlıq, axşam toplu çalışmaları yerinə yetiririk.
 
– Komandanızdan qalan iki dövrədə nə gözləyirsiz?
– Bunu zaman göstərəcək. "İnter" hazırda istədiyi pillədə deyil. Öz yerimizə qayıtmalıyıq. Yəni ən azından ilk 3-lükdə olmalıyıq.
 
– Bəs əvvəlki iki dövrədəki çıxışınızı necə dəyərləndirərdiz?
– İlk 6 turu pis oynadıq. Sonrakı oyunlarda yaxşı çıxış etdik. Amma buna da tam yaxşı demək olmaz.
 
– Sizə elə gəlmir ki, "İnter"in cari mövsümə çox uğursuz start verməsinin və hazırda liderlər arasında olmamasının əsas səbəbi yayda çox da yaxşı heyət qura bilməməsi oldu?
– Futbolçular baxışa gəldi, orada özlərini yaxşı cəhətdən göstərdilər və müqavilə imzaladılar. Bakıya qayıdandan sonra həmin oyunu göstərə bilmədilər. Mənə elə gəlir ki, bu futbolçuların komandaya gec uyğunlaşması ilə bağlıdı. Elə düşünürəm ki, 3-cü dövrədə hər şey yaxşı olacaq.
 
– Fasilədən sonra daha iddialı komanda yaratmaq üçün heyəti gücləndirməyə ehtiyac var?
– Əlbəttə, var. Bu, baş məşqçinin işidi. Amma mənim fikrimcə, komandaya yeni oyunçular lazımdı.
 
– Sizcə, "İnter" bu mövsüm avrokuboklara gedə biləcək?
– İndidən heç nə demək olmaz. Elə ola bilər ki, çempion olarıq, elə də olar Avropaya getməyə bilərik. Hələ qarşıda çox oyun var. Hər şeyi zaman göstərəcək.
 
– Bəs avrokuboklara gedə bilməsəz, onda necə olacaq?
– Yenə deyirəm, bu, futboldu və hər şey ola bilər. Əlbəttə Avropaya çıxa bilməsək, bu, yaxşı olmayacaq.
 
– İkinci dövrədə yalnız 3 dəfə start heyətində meydana daxil olmusuz və bunların 2-də əvəzlənmisiz. Baş məşqçinin sizə daha çox şans verməməsinin səbəbi nədi?
– Bu sualı baş məşqçiyə versəniz, daha yaxşı olardı.
 
– Sizinlə eyni mövqedə legioner futbolçular da var. Bəlkə onlarla rəqabətdə uduzduğunuza görə çox oynamırsız?
– Mən futbolçuyam. Baş məşqçi istəsə, oynayacam, istəməsə meydana çıxmayacam.
 
– Komandanızı dəyişmək haqda düşünmürsüz?
– Xeyr, "İnter"də özümü çox yaxşı hiss edirəm. Heç bir yerə getmək fikrim yoxdu.
 
RÖVŞƏN ƏHLİMANOĞLU
Shares: