Premyer Liqada çıxış edən elə klublar var ki, onlar yalnız elitada qalmaq uğrunda mübarizə aparır. Onların tək məqsədi aşağı dəstəyə düşməməkdi. Bunlara "Rəvan", "Sumqayıt" kimi klubları misal göstərmək olar. Bir neçə klubumuz isə yalnız turnir cədvəlinin ortalarında var-gəl edir ki, bu qrupa da "Simurq" və AZAL-ı daxil etmək olar. Yerdə qalan 6 klub – "Qarabağ", "Qəbələ", "Neftçi", "İnter", "Bakı" və "Xəzər Lənkəran"dan isə danışmağa dəyər. Adıçəkilən komandaların hər biri daima Avropaya can atıblar. Amma klublarımızın hər mövsüm avrokuboklardakı çıxışı müxtəlif acınacaqlı nəticələrlə yekunlaşır. "Neftçi"nin "Skenderbeu" məğlubiyyəti, "Xəzər Lənkəran"ın "Makkabi" darmadağını, "İnter"in "Tromse" acısını unutmaq asan məsələ deyil. "Qəbələ" isə bu işin hələ başlanğıcındadı. Hər dəfə Avropa üzüntüsündən sonra heyətdən şikayətlənən klublar problemlərini indidən həll etməlidi. Yayın istisində məğlubiyyət təri tökən komandalar buna məhz qış transfer pəncərəsində çarə qılmalı, ciddi tədbirlər görməlidilər. Ancaq…
Son illər qazandığı uğurlarla yanaşı "Neftçi" həm də səs-küylü transferləri ilə gündəmə gəlirdi. Ancaq bu qış paytaxt klubu transfer etməyəcəyini açıq-aşkar bəyan etdi. Maraqlıdı, Nikolas Kanaleslə, Juluis Vobayla "Skenderbeu" səddini keçə bilməyən "ağ-qaralar" gənc, təcrübəsiz futbolçularla qarşıdakı yayda Avropada hansı uğura can atır? Bu gənc futbolçular nə yatıb ki, nə də yuxu görələr. Təbii ki, elitada "koma"ya düşən "Sumqayıt"dan gələn 3-5 futbolçuyla Avropada uğur qazanmaq müşkül olacaq. Ruslan Qurbanov, Elşən Abdullayev, Kərim Diniyevlə heç bir Avropa uğurundan söhbət belə gedə bilməz. Paytaxt klubu məhz üzdən sözügedən məsələyə indidən əncam çəkmək haqda düşünməlidi. Yoxsa bir neçə aydan sonra Böyükağa Hacıyev Avropada uğursuzluqla üzləşdikdə "futbolçuları heyətimizə yeni cəlb etmişik. Hələ komandaya tam uyğunlaşa bilməyiblər" nağılını danışacaq. Təbii ki, bu yalnız Hacıyevə yox, bütün iddialı klubların baş məşqçisinə aiddi.
Ötən yay "Ayntraxt" səddində ilişən "Qarabağ"da vəziyyət az da olsa, qaneedicidi. İllərdi Qurban Qurbanovun komandaya rəhbərlik etməsi Ağdam klubunda vahid sistemin formalaşmasına gətirib. Qurbanov Ağdam klubundakı fəaliyyəti dövründə bəlkə də ilk dəfədi ki, istədiyi heyəti qura bilib. Məhz bunun məntiqi nəticəsidi ki, komanda bu mövsüm Premyer Liqanın qalibi olmağa ən real namizədlərdən hesab olunur. Bu üzdən "köhlən atlar"ın qarşıdakı avrokuboklar mövsümündə yenidən Azərbaycanı ən uğurlu şəkildə təmsil edəcəyinə inam böyükdü. Lakin gəlin razılaşaq ki, "Qarabağ" üçün uğur yenə də qrup mərhələsinin bir addımlığında dayanmaq sayılmamalıdı. Qurbanovun komandası da nəhayət qrup mərhələsində oynamaq haqda düşünməlidi. Bəlkə də "Qarabağ"ın indiki heyəti ilə qrup mərhələsinə düşmək olar. Amma bunu bacaracaq daha güclü heyətə malik olmaq üçün yeni transferlər, komandada rəqabəti artırmaq vacibdi. Bu səbəbdən Qurbanov yayda fiasko yaşamamaq üçün indidən müəyyən tədbirlərə əl atmalıdı.
Hayfa "Makkabi"sindən sonra öz heyətini quran Con Toşak "Xəzər Lənkəran"da gözləmədiyi hallarla rastlaşdı və uğursuzluq uelsli mütəxəssisin Azərbaycandan getməsinə səbəb oldu. Yaydakı məğlubiyyətə bəhanə kimi Toşakın heyətinin olmaması göstərilirdi. Lakin istədiyi heyətlə də bir nəticə qazanmayan Conu Mustafa Dənizli əvəzlədi. İndi isə nə həngamədisə, Dənizli də adına yaraşan transferlər etmək istəmir və ya onun bunu həyata keçirməsinə şərait yaradılmır. Dənizlinin təcrübəsi və "Xəzər Lənkəran"ın büdcəsini nəzərə alsaq, bu klubla çox iş görüb, böyük uğurlar qazanmaq olar. Lakin bu klub bataqlıqdan canını qurtara bilmir. Dənizli hazırda Antalyada komandasına məşq keçib, futbolçu seçməkdədi. İndidən səviyyəli transferlər etmək lazımdı ki, qarşıdakı aylarda oturub dizinə döyməyəsən. Kamran Abdullazadə, Tərlan Qasımzadə, Slavik Alxasov, Orxan Əliyev, Vyekoslav Tomiçi heyətinə qatan cənublular belə oyunçularla çətin ki, hansısa əcnəbi komanda qarşısında tab gətirsin. Bu fikrimiz yalnış anlaşıla bilər. Biz klublara gənc futbolçuları heyətinizə qatmayın demirik, sadəcə bu gənclərin yan-yörəsinə peşəkarları qoymaq lazımdı ki, nəsə öyrənsinlər. İndidən Dənizlinin yayda danışacağı nağıllara hazırlaşsaq, yaxşı olar.
Kaxaber Sxadadze isə öz nağılının vahid və yenilməz qəhrəmanı olmaq istəyir. Belə olmasaydı, gürcü mütəxəssis daha səviyyəli futbolçuları heyətinə qatardı. Gürcü gətirib, gürcü göndərən Kaxa öz məşqçi bacarığını nümayiş etdirmək üçün komandaya aparıcı oyunçular gətirmək niyyətində deyil. Yayda həyata keçirilən uğursuz transfer siyasəti nəinki avrokuboklarda, hətta çempionatda da "bankirlər"ə çox baha başa gəldi. Amma "İnter" bütün bu səhvlərdən hələ də nəticə çıxarmaq istəmir. Məhz bu üzdən belə gedişlə paytaxt klubunun heç çempionatda nəyəsə nail olacağına, avrokuboklara vəsiqə qazanacağına belə inam yoxdu. Çıxsa da belə, "İnter"in hansı aqibəti yaşayacağını proqnozlaşdırmaq çətin deyil.
"Bakı" da hələlik transfer bazarında astagəlliyi ilə seçilir. Milinko Pantiç yayda gələrkən heyətə xeyli oyunçu cəlb olunsa da, onun komandası bu qış çox passiv görünür. Bu gedişlə "zolaqlılar"ın avrokuboklara necə vəsiqə qazanacağı, qazanacağı halda Avropada nəyin sayəsində uğur əldə edəcəyi sual doğurur.
Avropaya digər iddialı bir klubumuz "Qəbələ"dən danışmaq isə hələ tezdi. Hər halda Qəbələ təmsilçisinin Avropa arenasına vəsiqə qazanacağı təqdirdə necə bir şou göstərəcəyini görmək üçün səbr etmək lazımdı. Artıq ondan sonra Syominin danışdıqlarını və komandanın infrastrukturunu analiz etməyə dəyər. Amma insaf naminə rusiyalı mütəxəssisin yaratdığı bu kollektiv hələ ki klub tarixinin ən güclü komandasıdı. Bu komandanın Avropa səhnəsinə çıxacağı halda tamaşaçıları necə "əyləndirəcəyi" maraqla gözlənilir.
Bizim də bir arzumuz var. Biz də klublarımızı Avropada görmək arzusu ilə yaşayırıq. Ümid edirik ki, onlar bu mövsüm daha ciddi uğurlar qazanaraq məhz haqqında söhbət gedən məsələylə bağlı çoxsaylı tənqid atəşinə tutulmayacaqlar.
RÖVŞƏN ƏHLİMANOĞLU





