Azərbaycanın FİFA referisi Anar Salmanovun futbolinfo.az saytına müsahibəsi
– Sizin bu toplanışa qatılmağınızı çoxları gözləmirdi…
– Mən yayda Poşada da olmuşdum. Bura gəlmək məsələsinə gəlincə, bilirsiz ki, mənim FİFA hakimi olmağım təsdiq olundu. Artıq ikinci qrup FİFA referisiyəm. Hesab edirəm ki, ona görə məni bura gətirdilər. Həm praktiki, həm də fiziki cəhətdən forma saxlamalıyam. Axı qarşıda oyunlar var. Həmçinin burada bir çox gənc hakimlər var. Bizim də onlara bir köməyimiz dəyər deyə Antalyaya gəldik.
– Antalyaya toplanışa gələcəyiniz bilindikdən sonra mətbuatda artıq sizin bağışlanıldığınız yazıldı. Amma AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov verdiyi açıqlamada sizin hələ də bağışlanmadığınızı və bunun sizin özünüzdən asılı olduğunu bildirdi…
– Bir insan nəsə etmək istəyirsə, bu, onun özündən asılıdı. Mən hakiməm və hara deyirlərsə, gedib oyunları idarə edirəm. Birinci diviziona göndərilirəmsə, ora getməliyəm, təyinatım Premyer Liqaya olarsa, ora da getməliyəm. Bu, Xaqani Məmmədovdan asılıdı. Mən bura gəlmişəmsə, özümü sübut etməliyəm. Çempionat başlayanda görəcəyik ki, təyinat alacam və ya yox. Bu, Hakimlər Komitəsinin qərarı olacaq və mən də qərara hörmətlə yanaşacağam.
– Premyer Liqa oyunlarından məhrum olmağınıza üzülürsüz?
– Bu, təbiidi. Premyer Liqa ilə birinci divizionun fərqi çoxdu. Bir FİFA hakimi kimi pis oluram. Düzdü, aşağı divizionda da maraqlı oyunlar olur. Amma Premyer Liqa tam başqad.
– Sizə görə “Neftçi” – “Qarabağ” oyununda etdiyiniz səhv karyeranıza nə dərəcədə zərbə vurdu?
– Hakimlik elə bir peşədi ki, səhvlər qaçılmazdı. Mən həmin oyunda səhv etmişəm və cəzasını almışam. Etiraf edirəm ki, penalti qərarım səhv idi.
"Onun hakimlərimizə çox xeyri dəydi"
– Gənc hakimlərə necə kömək olursuz?
– İstedadlı gənc hakimlərimiz var. Məsələn, Əliyar Ağayev gənc hakimdi, FİFA-da mənimlə eyni qrupdadı. Elə Rəhim Həsənov da. Yaxşı hakim olmaq üçün 7-10 il vaxt lazımdı. Elə referilər var ki, Xaqani müəllim onları 5-6 dəfə toplanışa gətirib. Əgər görürsə ki, onların istedadı var, belələri ilə yola davam edir. Özünü göstərə bilməyənlərə isə növbəti şans verilmir. FİFA-da 3 hakimimiz var. Onlardan hansısa biri birinci qrupa düşsə, o zaman bizdən oraya 4-cü hakim getməlidi. Elə hakimlərimiz var.
– Sizcə, azərbaycanlı hakimlər nə vaxt birinci qrupa düşə biləcək?
– Bu, bizim özümüzdən asılıdı. İdarə etdiyimiz oyunlar yaxşı olmalıdı. 2014-cü ildə bizə verilən oyunlarda yaxşı nəticələr olsa, növbəti mövsümdə yeni hakim görə bilərik.
– Çox sıx qrafikdə çalışırsız. Yorğunluq var?
– Yorğunluq var. Amma necə deyərlər, bu yoğunluğu elə yorğunluqla çıxarırıq. Bizim fiziki-hazırlıq üzrə məşqçimiz var – Namiq Quliyev. O, bizim üçün UEFA-nın son proqramını tətbiq edir. Əgər qitə futbol qurumunun proqramı ilə işləyiriksə, deməli, düz yoldayıq. Avropada bütün hakimlər bu təlimatlar üzrə işləyir. Biz bura elə çalışmağa gəlmişik.
– Aleksey Spirindən nələr öyrəndiniz?
– Çox şey öyrəndik. Elə şeylər də var idi ki, onlar barədə Xaqani Məmmədov danışmışdı. O da bizə çox şeyləri başa saldı. Aleksey Nikolayeviç tanınmış mütəxəssisdi. Onun gənclərə çox xeyri dəydi.
– “Metallurq” (Donetsk) – "Aarau" oyunu necə keçdi?
– Çox əla oyun oldu. Biz də çalışdıq elə bir hakimlik edək ki, ölkəmiz adına yaxşı olsun. Xaqani Məmmədov da oyunu izləyirdi. Oyundan sonra hər iki tərəf bizə yaxınlaşıb təşəkkür etdi. Hətta SSRİ-nin keçmiş futbolçuları da orada idi. Onlar da bizi təbrik etdilər.
"Məşqçilər özlərini hakim səhvləri ilə sığortalayırlar"
– Ölkəmizdə hakimliyə niyə bu qədər etiraz var?
– Bu, bütün dünyada var. Hər yerdə hakimlərə qarşı etirazlar olur. Referi də insandı. Məsələn, ola bilər ki, hakim mövqeyini səhv seçsin, ya hansısa epizodu yaxşı görməsin. Bu səhvlərdən heç kəs sığortalanmayıb. Bizdə bilirsiz niyə daha çox qabardırlar? Kimsə hansısa kluba baş məşqçi gələndə deyir ki, mən belə edəcəm, elə edəcəm. Amma çempionatın yarısına qədər gəlir, görür ki, heç bir şey etməyib. Başlayır hakim səhvləri ilə özünü sıortalamağa. Hərə öz işinə cavabdeh olmalıdı. Hakim səhv etdisə, o, cəzalanacaq. Məsələn, Con Toşak. Super Kubok oyununda baş hakim penalti verdi, sonra fikrini dəyişdi. Bu, düzgün idi. Çünki oyun bərpa olunmamışdı və hakim düzgün qərar qəbul etmişdi. Amma onlar yenə də o penaltidən söhbət edirdilər. Hərə öz işini görməlidi. Baxın, Almaniyada hakim yan tərəfdən tora dəyib qapıya girən topu qol sayır və 2 həftə sonra UEFA Çempionlar Liqasında oyun idarə edir. Bunu qitə futbol qurumu başa düşürsə, hamı başa düşməlidi. Hakim səhv edə bilər. Mişel Platini demişdi ki, futbolun gözəlliyi hakim və futbolçu səhvlərindədi.
– Bizim hakimlər daha çox oyun alqı-satqısında ittiham olunur…
– Bizə hər cür şərait yaradılıb. Vaxtı-vaxtında qonorarımızı, pulumuzu alırıq. Niyə oyun alqı-satqısında iştirak edib karyeramızı təhlükəyə atmalıyıq?
– Heç olub ki, meydanda hansısa komandaya tərəfkeşlik edəsiz?
– Hakim birtərəfli olmalıdı və bütün oyunlarda eyni qərarlar verməlidir. Mənə çox sual veriblər ki, hansı futbolçunun oyununu xoşalyırsız? Cavabım budu ki, milli komandamızın futbolçularına azarkeşlik edirəm. Çempionatda 10 komanda var və biz hamısına eyni baxırıq. Ola bilər ki, hansısa komandaya qarşı ciddi səhvimiz olsun. Amma bu, onların rəqiblərinə azarkeşlik etməyimizdən irəli gəlmir. Sadəcə, səhv olur. Həmişə Hakimlər Komitəsinin sədri oyunlara gedəndə deyir ki, uşaqlar ədalətli olun. Hakim səhvləri daha çox qol olanda qabardılır. Bu da cəzasız qalmır.
– Hansı oyunu idarə edəndən sonra daha çox sevinmisiz?
– Avropada oyunlarımız olub. Məsələn, DÇ-2014-ün seçmə mərhələsində Çexiya – Malta oyunu sevindirici idi. Çünki ona qədər 14 ilə əvvəl Xaqani Məmmədov DÇ-də oyun idarə etmişdi. Avroliqanın oyunları olub.
– Hansı oyununuzdan narazı qalmısız?
– “Qarabağ” – “Neftçi” oyunundakı səhvim ciddi idi. Sonra “Xəzər Lənkəran” – “İnter” oyununda qonaqların qapısına penalti qərarı vermişdim. Oyun 2:2 hesabı ilə bitdi. Səhvlərin olması normaldı. Təki qərəz olmasın.
"Klublarda futbolu bilməyən adamlar işləyir"
– Premyer Liqanın oyunlarını idarə etmək çətindi?
– Bütün klublar iş aparmalıdılar. Klubda işləyənlərə, rəsmilərə və futbolçulara oyun qaydalarını öyrətmək lazımdı. Çünki buna ehtiyac var. Klublarla problemlərimiz daha çox onların qayda bilməməsi üzündən yaranır. Mən qaydalarla epizodu şərh etmişəm, amma klub rəsmisi başqa şey deyib. Klublarımız AFFA-dan yardım istəsələr, o zaman futbol qurumu da onlara kömək edər və düzələr. Məsələn, mən Zaqayalada “Simurq” – “Bakı” oyununda meydan sahiblərinin qapısına penalti təyin etdim. Pena topu dirəyə vurdu və dirəkdən qayıdan topa ikinci zərbəni vurdu, qol oldu. Mən qolu hesaba almadım. Amma Pena yaxınlaşıb dedi ki, "qolu qeydə almalıydın". Deməli, bunun qaydalardan xəbəri yoxdu. Mən xarici oyunlarda da olmuşam. Onlar peşəkardılar. Qaydalardan xəbərləri var. Elə ona görə də onların oynadığı çempionatlarda sarı və qırmızı vərəqələr olur. Amma bizdə qırmızı və sarı vərəqələr ən çox mübahisələrə görə verilir. Futbolçuların qaydalardan xəbəri yoxdu. Epizodları özləri bildikləri kimi şərh edirlər. O klublar Xaqani Məmmədovdan xahiş etsinlər, onlara kömək etsin. Məsələn, feyr-pley qaydaları var. İndi əgər hər hansı bir komanda feyr-pleyə əməl etməyib, qol vurursa, o qol hesaba alınmır və qapıdan zərbə verilir. Yox, əgər öz qapısına vurursa, bu, künc zərbəsidi. İnandırım sizi Premyer Liqada futbolçular var ki, bu qaydadan xəbərləri yoxdu. Bu üzdən feyr-pleyə görə top atanda komanda yoldaşına deyirlər ki, topu çölə vur, birdən gedib qapıya girər. Gör necə bixəbərdilər? Hakimlə mübahisə etməyə başlayırlar. Hakimlərlə klublar arasındakı narazılıq daha çox onlarda futbolu bilməyən adamların çalışmasına görədi. Bəzən elə epizodlar olur ki, klub rəsmilərinin bu barədə dediklərinə adamın sadəcə gülməyi gəlir.
– Daha çox hansı futbolçu ilə problem yaşamısız, meydanda daim sizə mane olub?
– Belə futbolçular hər komandada olur. Onlar hakimə problem yaradırlar. Gah simulyasiya edirlər, gah da həddən artıq kobud oynayırlar. O futbolçuları meydandan kənarlaşdıranda bizə daha rahat olur. Hansısa bir oyuna təyinat alanda mən öncə bütün futbolçuları analiz edirəm. Hansı oyunçu necədi – bilməyə çalışıram. Yəni futbol dili ilə desək, hər futbolçuya qarşı taktika hazırlayıram.
– Bizim Premyer Liqada çox rast gəldiyimiz hallardan biri də futbolçuların hakimləri söyüb, cəzasız qalmasıdı…
– Deməli, hakim zəifliyi var. O hakim özünə güvənmir. Əgər elə bir şey baş verirsə, futbolçu qırmızı vərəqə almalıdı. Hakim cəza vermirsə, o hakim elə söyülməlidi. Futbolçu bilməlidi ki, meydanda hakim var. Hər şeyə hakim olmaq lazımdı. Protokolda yazılanlara AFFA-da baxırlar və lazım olan cəzanı verirlər.
“Redniki mən qovmamışam”
– Redniklə bağlı bir epizod yadımdadı….
– Mən bir şeyi çoxdan demək istəyirdim ki, 2010-cu ildə “Neftçi” – “Xəzər Lənkəran” oyununda Mirça Redniki meydandan mən qovmamışam. Onu Elçin Məmmədov qovub. Əks-tərəfdə hücum gedir. Necə ola bilər ki, mən hücuma gedən komandaya görə, qaçıram. Mən arxada necə görə bilərəm ki, Rednik söyüş söyərək papaq atır? Elçin Məmmədov bunu mənə dedi və onun meydandan uzaqlaşdırılmalı olduğunu bildirdi. O, mənə qulaqcıq vasitəsilə dedi və mən hücum başa çatan kimi gəlib onu meydandan qovdum.
– Bəs həmin hakimlikdən də narazı qalanlar var idi?
– Yox, mən həmin oyunu yaxşı idarə etdim. Sadəcə, o elə bir oyun idi ki, Azərbaycan çempionatında nadir hallarda elə matçlar olur. Rednikin papağını atmağı oyuna kölgə saldı. Azarkeşlər mənə ona görə etiraz edirdilər ki, onlar Redniki çox sevirdiiər və onu meydandan qovmağı qəbul etmədilər.
ELSEVƏR, ANTALYA





