Redaksiyamıza “Qəbələ” Futbol Klubuyla bağlı maraqlı informasiya daxil olub. Əslində, xəbər maraqlı olmasından çox acınacaqlı bir durumun təsviridi.
Belə ki, adının açıqlanmasını istəməyən mənbənin verdiyi xəbərə görə, qurumun akademiyasında özbaşınalıq hökm sürür. Belə ki, klub rəhbərliyinin böyük diqqət ayırdığı, maliyyə sərf etdiyi futbol akademiyasına nəzarət istənilən səviyyədə deyil. Aşağı yaş qrupundan olan, əksəriyyəti Bakıdan və ölkənin digər şəhər və rayonlarından olan futbolçuların asudə vaxtı yaxşı təmin olunmadığından onlar başqa işlərlə məşğuldu.
 
Əvvəllər “Qəbələ”də olmuş, hazırda isə paytaxt klublarından birində olan gənc futbolçuya inansaq, hazırda akademiyanın yetirmələri pis vərdişlərə yiyələnib. Onlar siqaret çəkir, hətta bunu əldə etmək üçün öz aralarında qumar da oynayırlar.
 
Doğrusu, bu xəbəri sayta yerləşdirməmiş akademiyanın rəhbərliyinin, eləcə də klubun rəsmilərinin məsələyə münasibətini öyrənə bilərdik. Amma bunu etmədik, çünki onların yalnız təkziblə çıxış edəcəyini bilirdik. Halbuki öncə məsələni araşdırmaq lazımdı və “Qəbələ” akademiyasının rəhbərliyinin də bunu etdikdən sonra saytımıza açıqlama verəcəyinə ümid edirik.
 
Bu, konkret ittiham deyil! Çünki Qəbələdən ayrılmış bir uşağın dedikləridi və yalan danışma ehtimalı var. Amma ortada bəzi məqamlar da var ki, bu, bizi inanmağa vadar edir. Axı, “Qəbələ” akademiyasının digər bölgələrdən aparıb maaşla da təmin etdiyi futbolçular arasından hələ də əsas komandaya layiq kimsə ortaya çıxmayıb. “Qəbələ” rəhbərliyi legionerlərə milyonlar xərcləyirsə, heyətdə 21 yaşadək futbolçu problemini də başqa klublardan transfer etdikləri oyunçular hesabına yoluna qoyursa, deməli, yolunda getməyən nəsə var.
 
RÖVŞƏN ƏHLİMANOĞLU
Shares: