Artıq Topaz Premyer Liqasında mübarizə aparan klubların qış təlim-məşq toplanışı başa çatmaq üzrədi. Bir neçə gündən sonra elita təmsilçiləri yenidən mübarizəyə başlayacaq. Qış fasiləsi ərzində əcnəbi ölkələrdə keçirilən təlim-məşq toplanışları, iddialı açıqlamalar və edilən transferlər qarşıdakı turların maraqlı olmasından xəbər verir.
Bu qədər xərc çəkən, transferlər həyata keçirən komandalar çempionatın davamına nə dərəcədə hazırdı? Elitada mübarizə aparan klubların baş məşqçiləri öz komandalarının hazırlığını bu cür izah etdi:
Qurban Qurbanov: "Komandanın hazırlığından tam razı qaldığımı deyə bilmərəm. Zədəli futbolçularımız vardı. Son yoxlama görüşündə də qalib gələ bilmədik. Komandanın çempionata nə dərəcədə hazır olduğunu deyə bilmərəm. Amma bir neçə turdan sonra "Qarabağ" tam hazır olacaq".
Böyükağa Hacıyev: "Mən bu suala 1-2 cümlə ilə cavab verə bilmərəm. İnşallah, "Simurq"la oyundan sonra mətbuat konfransında bu suala cavab verə bilərəm".
Kaxaber Sxadadze: "Komanda Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində fiziki və taktiki planda məşqlər etdi, yoxlama oyunları keçirdi. Mövsümün ikinci hissəsində bizi maraqlı və gərgin mübarizənin gözlədiyini düşünürəm".
Milinko Pantiç: "Bizim əsas qazancımız toplanışda gənc futbolçuların da iştirak etməsi oldu. Biz güclü komandalarla yoxlama oyunları keçirdik. Bu oyunlardan sonra demək olar ki, komanda marafona 100 faiz hazırdı".
Georgi Çixradze: "Antalyadakı toplanışdan razı qaldım. Həm hava şəraiti, həm də bizim üçün yaradılan imkanlar ürəyimcə oldu. Axırıncı gün güclü yağış yağsa da, bu, bizim məşqimizə mane olmadı. Keçirdiyimiz yoxlama oyunlarından razı qalmışam. Düşünürəm ki, biz 70-80 faiz hazırıq".
Vaqif Sadıqov: "Komandanın necə oyun göstərəcəyi çempionatın gedişatında bilinəcək. Biz əlimizdən gələni etməyə çalışdıq və bunu nə dərəcədə həyata keçirdiyimizi ilk oyunlardan görəcəyik. AZAL həmişə çempionata hazırdı. Lakin hesab edirəm ki, istədiyimi tam şəkildə həyata keçirə bilməmişəm".
Aqil Məmmədov: "Təlim-məşq toplanışımız normal keçdi. Heyətdə çatışmazlıqlar var. Nə qədər çətin olsa da, rəqabətə tab gətirməyə çalışacağıq".
Güvənç Kurtar: "Toplanış normal keçdi. Heyətdə bəzi boşluqlarımız var. Komandanı təxminən 70-80 faiz hazır hiss edirəm".
Mustafa Dənizli və Yuri Syominlə əlaqə saxlamaq cəhdlərimiz boşa çıxdığından onların fikirlərini işıqlandıra bilmədik.
RÖVŞƏN ƏHLİMANOĞLU





