Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) açıqladığı dünyanın ən güclü milli çempionatlarının son siyahı Topaz Premyer Liqasının artıq müəyyən mənada dəyərə mindiyini göstərdi. Və məncə, buna daimi tənqid həvəsi dolu qısqanclıqla yanaşmaq olmaz. Çünki bu, hansısa türk yazarları dərnəyinin əndrabadi sorğuya əsasən klub prezidentlərimizə, idman adamlarımıza verdiyi ödül deyil, zəhmətin, işin bəhrəsidi.
Bu tipli sorğular həmişə qıcıq doğurub. Bu baxımdan futbolumuzun durumundan xəbərdar olanlar üçün 125 ölkə arasında Azərbaycanın 43-cü pillədə qərarlaşmaaı qəribə görünə bilər. Amma o dəqiqdi ki, İFFHS-in açıqladığı siyahıda hər hansı müəmma yoxdu. Qurum ölkənin 5 ən güclü klubunun nəticələrinə görə reytinq müəyyənləşdirir ki, Topaz Premyer Liqası da bu meyarlara görə 41 pillə qüksəlişə nail olub.
Klublarımızın 370,50 xal toplaması Topaz Premyer Liqasının fantastik sıçrayışına səbəb olub. 2012-ci ilin yekunlarına əsasən 84-cü olan liqamız indi ABŞ çempionatı (MLS), Belarus, İsveç, Slovakiya, Sloveniya birinciliklərini arxada qoyur. Ola bilər ki, bu ölkələrdən hansısa klub bizimkilərdən daha yaxşıdı, amma seçimdə 5 klubun nəticəsi əsas götürüldüyündən 43-cü pillə qanunauyğunluqdu.
Topaz Premyer Liqası MDB və Baltikyanı ölkələrin çempionatları arasında 4-cü yerdədi ki, Rusiya və Ukrayna birinciliklərindən geri qalmağımız sırf futbol ənənələrinə və bu ölkələrdə xərclənən paralara, kadr potensialına görə başadüşüləndi. Yalnız Moldovadan zəif olmağımız təəssüf doğurur ki, bu dad aha çox avrokuboklardan əli ətəyindən uzun qayıdan klublarımızın günahıdı. Moldova klubu Avropa Liqasının qrupuna düşməklə ölkəsini də irəli aparıb.
Topaz Premyer Liqası keçmiş SSRİ-ni təmsil edən 15 ölkədən 11-ni qabaqlayır. Onlardan ikisi – Tacikistan və Qırğızıstan liqaları İFFHS-in açıqladığı ən güclü 125 çempionat sırasına düşməyə də layiq olmayıb. Siyahıya daxil edən 13 ölkə arasında ən zəifləri isə Ermənistanla Türkmənistandı.
8. Rusiya 739,50
14. Ukrayna 682,00
41. Moldova 380,00
43. Azərbaycan 370,50
50. Gürcüstan 343,00
54. Estoniya 332,00
57. Latviya 325,50
60. Belarus 320,50
68. Litva 308,00
69. Özbəksitan 299,50
83. Qazaxıstan 252,50
87. Ermənistan 245,50
106. Türkmənistan 159,50
Ola bilər ki, geridə qoyduğumuz ölkələrin bəziləri sırf futbolçularının səviyyəsi, yığma komandalarının gücü baxımından bizdən yaxşıdı. Ancaq gəlin etiraf edək ki, daha aşkar qapazaltı olmayan klublarımızın, ölkə futboluna yatırılan pulun və xüsusilə də premier-liqanın yaxşı təşkilində böyük rol oynayan, yavaş-yavaş özünü sübut edən Peşəkar Futbol Liqasının işi sayəsində çempionatımız həqiqətən güclənib. Bu gün hətta Şotlandiyada, Türkiyədə kimin çempion olacağı demək olar bəllidisə, Topaz Premyer Liqasında mübarizənin gərginliyi çox ölkəni geridə qoyub. Klublarımız işinə bir qədər də məsuliyyətli yanaşsa, Moldovanı, eləcə də bir sıra digər ölkələri də qabaqlamaq çətin olmayacaq.
Ümumiyyətlə, siyahıda ən çox inkişafa nail olan ölkələr məlumdu. İFFHS-in tərtib etdiyi cədvəldə rekord – qeyd etdiyimiz kimi – Azərbaycan çempionatına məxsusdu. Dünyanın ən güclü 125 milli çempionatının siyahısında 84-cü pillədən 43-cü yerədək irəliləyən çempionatımız planetin ən böyük inkişafına nail olub. Lakin bu rekordun şərikləri də var. Belə ki, 68-ci yeri 27-ciyə dəyişən Bolqarıstan və 87-dən 46-ya sıçrayan Misir də birdən-birə 41 addım atıb. Çin 36, İslandiya 26, Lüksemburq 25 pillə irəliləyişə nail olmaqla diqqət çəkib. Antirekord isə ekzotik çempionatlara məxsusdu. Sudan liqası 91-ci pilləyə yuvarlanmaqla 56 mövqe aşağı düşüb. Geriləməsi 47-yə bərabər olan Avstraliya siyahıda 99-cu yerdədi. Zimbabve və Avropada ən çox geriləyən Macarıstanda isə bu rəqəm 30-a bərabərdi.
Elə bu faktlar da İFFHS-in siyahısına şübhəylə baxanlara cavabdı. Bolqarıstan futbolu artıq tənəzzül dövrünü arxada qoyub və bud a dərhal reytinqlərdə əksini tapır. Lüksemburq klublarının avrokuboklardakı son sensasiyaları da qiymətini alıb. Qitə yarışlarının ilk təsnifat mərhələlərində ilişən macarların 30 addım geri sayması da reallığın nəticəsidi.
Qeyd edək ki, siyahıya İspaniya (1155,00) başçılıq edir. İngiltərə (1128,00) ikinci yerdə qərarlaşdığı halda, Almaniya (1056,00) çempionatı ilk "üçlüy"ü qapayır. Təbii ki, bu birinciliklərə çatmaq xəyaldı. Amma bizdən öndə olan digər ölkələrin bəzilərinə əlcək atmaq olar. “Böyük beşlik” ölkələri, Braziliya, Argentina, eləcə də bəzi “ikinci eşelon” ölkələri istisna olmaqla digərləri heç də çətin keçiləsi rəqiblər deyil. Daxili birinciliyi heç də yüksək səviyyədə olmayan, yalnız 1-2 klubunun avrokuboklardakı uğurlu çıxışı ilə öndə olan o qədər ölkə var ki. Futbolçuları Azərbaycana qaçan, maxinasiyalarla zəngin Rumıniya, bir sıra Asiya, Şimali və Cənubi Amerika ölkələrini qabaqlamaq mümkündü. Bunun üçün PFL və klublar son illər gördüyü işləri daha da yaxşılaşdırmalı, inkişafa daha çox töhfə verməlidilər. Topaz Premyer Liqasında ədalətli mübarizənin nəticəsində Avropaya yollanacaq klublarımız məhz burada növbəti reytinqdə irəliləməyimiz üçün vacib xalları qazanmalıdı.
Topaz Premyer Liqasının siyahıda tutduğu 43-cü yer həm də ona görə diqqət çəkir ki, futbolun beşiyi olan Avropada da mövqeyimiz pis deyil. Belə ki, bizi “köhnə qutə”dən olmayan 16 ölkə qabaqlayır. Yığmaların reytinqində Avropada sonunculardan olduğumuzu nəzərə alsaq, çempionatların siyahısındakı 27-ci pillə çox yaxşıdı. Amma bununla kifayətlənmər olmaz, daha yaxşısına çalışmalıyıq. Bəlkə də kimin üçünsə bu siyahı yenə mənasız görünəcək, amma fakta söykənən reallığın diqtə etdiyi imkanlardan yararlanmaq, ölkə futbolunun reklamı üçün daha yaxşı nəticələr göstərmək, futbol markamızı yaratmalıyıq. O zaman Ruslan Abışov kimi legionerlərimiz Avropanın 27-ci çempionatından getdiyi üçün daha böyük hörmət görər. Braziliyalı, müəyyən marka sahibi olduğu üçün səviyyəsindən asılı olmayaraq, bu ölkənin istənilən futbolçusu hər yerdə tələbolunandı. Eləcə də ispan, alman,holland və başqaları. İndi qabaqladığımız belarusludan, özbəkdən, gürcüdən daha yaxşı olmaq, rumın, çex, meksikalı kimi etibar ediləcək markaya sahib olmaq üçün bu siyahının ən yaxşı pillələrində möhkəmlənmək lazımdı.
MURAD





