"Liderlər birinci yer uğrunda mübarizə aparacaqlar. "Neftçi" ilə "Xəzər Lənkəran"ın oyununda yalnız bir tərəf liderliyə yüksələ bilər. Məhz bu səbəbdən Lənkərandakı oyununun indiki məqamda "Böyük oyun" adlandırılmasını düzgün saymıram. Onda "Qəbələ" – "Qarabağ" kiçik oyundu"?
Bu sözləri futbolinfo.az saytına açıqlamasında Şahin Diniyev deyib. Yerli mütəxəssis Qəbələdə baş tutacaq qarşılaşma ilə bağlı bunları söyləyib:
"Bu da "Böyük oyun" sayılmalıdı. "Böyük oyun" ona deyirlər ki, nəyinsə taleyini həll etsin. Mən daha çox Qəbələdəkini "Böyük oyun" sayıram. Bizim bütün oyunlarımız böyükdü. Bu oyunda da kiməsə üstünlük vermək çox çətindi. Burada komandanın liderlərinin oyunundan çox şey asılıdı. Demək olar ki, eyni səviyyəli komandalardı. "Qarabağ"ın son turda "Xəzər Lənkəran"a məğlub olması yaxşıdı. Çünki "Qarabağ" Qəbələdə bu səhvlərə yol vermək istəməyəcək. "Xəzər Lənkəran"la oyunda isə deyərdim ki, "Qarabağ"ın sadəcə bəxti gətirmədi. İnanıram ki, Qurban Qurbanov "Qəbələ" ilə oyunda bu səhvləri aradan qaldıracaq".





