"Xəzər Lənkəran"ın vitse-prezidenti Tuyqun Nadirovun Futbolinfo.az saytına müsahibəsi
– "Böyük oyun"un hazırlıqları necə gedir?
– Meydançalarımız oyuna tam hazırdı. Stadionun rəhbərliyi və əməkdaşlarının səyi nəticəsində bu məsələlər yüksək səviyyədə həll olunub. Bidiyimiz kimi, Lənkərana daha çox qar yağmışdı. Buna baxmayaraq, hər şey öz həllini tapıb. Nəinki "Neftçi"nin əsas heyəti, hətta əvəzedici heyəti üçün də yüksək şərait yaradılıb. Bizim klub tərəfindən azarkeşlərlə də oyunöncəsi iş aparılır. Oyuna rəng qatan azarkeşlərdi. Bu oyunu böyük edən çoxsaylı azarkeşin göstərdiyi maraqdı.
– "Neftçi" azarkeşlərinin matça buraxılmaması üçün hansı tədbirlər görülür?
– Bu gün qarşılıqlı şəkildə oyunlarımıza azarkeş aparmırıq. Nə "Neftçi" bura azarkeş gətirmir, nə də biz Bakıya aparmırıq. Azarkeşlərin oyuna buraxılmasına gəldikdə, stadiona 10 min adam gəlir. Biz bu zaman müəyyən edə bilmərik ki, onlar ürəklərində "Neftçi"yə azarkeşlik edir, ya "Xəzər Lənkəran"a. Təbii ki, oyunda nəzarət güclü olacaq. Həm mühafizə xidmətimiz, həm də hüquq-mühafizə orqanları tərəfindən güclü nəzarət olacaq. Burada məqsəd iğtişaşların olmaması, meydana kənar əşyaların atılmamasıdı. Bunu təşkil etmək üçün yetərincə imkanımız və əməkdaşımız var.
– Özünüz də qeyd etdiniz ki, bu qarşılaşmanı "Böyük oyun" edən azarkeşlərdi. Lənkəran şəhər stadionunun tutumu da məhduddu. Belə olan halda matçın televiziyada yayımlanmamasının səbəbi nədi?
– Bu oyun qalıb bir kənarda, hamı onun yayımından danışır. Mən yayım barəsində bir kəlmə onu deyə bilərəm ki, biz "Xəzər Lənkəran" olaraq öz imkanlarımız daxilində oyunu yayımlayacağıq. Bu yayım da internet vasitəsilə həyata keçiriləcək. Bu yayım məsələsində klubun maraqları var. Biz kimisə nəsə etməyə məcbur edə bilmərik. Bizim bu gün oyunu internet vasitəsilə yayımlağa maddi-texniki imkanlarımız çatır.
– "Neftçi"nin vitse-prezidenti Tahir Süleymanovsa bildirib ki, "Böyük oyun"u internet çərçivəsinə salmaq onu kiçiltməkdi".
– Bu Tahir müəllimin şəxsi fikridi və mən də buna hörmətlə yanaşıram. Bizim üçün "Böyük oyun" Lənkəran stadionunda azarkeşlərin gəlib, canlı dəstək verməsidi.
– Bir məsələ də var ki… (sözümü kəsir)
– Bilirsiniz, biz bu məsələləri çox danışırıq, çox şişirdirik. Burada məsələ yayım hüququndan gedir. Heç kim gəlib yayım hüququnu bizdən istəməyib. Biz də istəyərdik ki, Azərbaycanın bütün kanallarında bizim oyunlarımız eyni vaxtda yayımlansın. Vaxtında bu məsələnin bizdən çox təşəbbüskarı olmayıb və bizim qədər bu işə maddi vəsait ayıran da olmayıb. Hətta özümüz canlı yayım üçün pul ayırmışıq. Digər bir məsələ də var. Klubun oyunu bu gün internet vasitəsilə yayımlanır, sabah peyk vasitəsilə yayımlanacaq və bütün dünya "Xəzər Lənkəran"ın oyununa baxacaq. Hətta biz Antalyadakı oyunları da öz televiziyamız vasitəsilə canlı yayımlamışıq. Bu gün də mən arzulayıram ki, hər bir klubun "Xəzər Lənkəran TV" kimi bir kanalı olsun. Bəzi klublarda bu, var, amma bizim qədər auditoriyası yoxdu. Ancaq bizdə yüksək keyfiyyətdə verilişlər, sujetlər azarkeşlərə təqdim edilir. Əsas odu ki, klubun öz kanalı var.
– Klubun öz kanalının olması müsbət addımdı. Ancaq internetdə yayım teletranslyasiya qədər effektli deyil…
– Kim deyir ki, televiziya vasitəsilə yayımlanmasın? Biz televiziya yayımına qarşı çıxmırıq. Biz internet vasitəsilə yayımı həyata keçirdirik. Bundan başqa, kimin istəyi varsa, klubdan yayım hüququnu alıb, oyunları yayımlaya bilər. Bütün Azərbaycan kanalları gəlib bizim oyunu canlı yayımlaya bilər. Bunun üçün yayım hüququnu almaq lazımdı. Bu, tək "Xəzər Lənkəran"ın deyil, bütün Azərbaycan futbolunun problemidi. Bu sualı Tuyqun Nadirova deyil, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevə verməlisiz.
– Ramin Musayev bir neçə gün əvvəl verdiyi açıqlamada "Xəzər Lənkəran"ın yayıma maneçilik törətmə haqqının olmadığını bildirmişdi…
– Biz heç kimdən ödəniş tələb etməmişik. "İdman Azərbaycan" da bizim üçün əziz kanaldı. Bizim tək istəyimiz var ki, "Xəzər Lənkəran"ın yayımını kimsə öz üzərinə götürmək istəyirlərsə, buyursunlar. Əsasnamədə yazılıb ki, yayıb hüququ PFL-ə məxsusdu. Ancaq biz yayım hüququnu PFL-ə təqdim etməmişik. Ona görə bir daha qeyd edirəm ki, oyunun yayımlanmama səbəbinin "Xəzər Lənkəran"da axtarılması yalnışdı. Onu Əsasnamədə axtarmaq lazımdı, buna görə də azarkeşlər həmin oyunu izləyə bilmir.
– Elə məsələnin düyün nöqtəsi də burada yaranır…
– Yayım hüququnu "İdman Azərbaycan"a kim verib?
– Peşəkar Futbol Liqası…
– Mən sizə bir söz deyim, bir misal çəkim. Bir şirkət məhsul istehsal edir. Bizim klubun da məhsulu onun oyunudu. Mənim məhsulumun qazancını başqa adam necə cibinə qoya bilər? Və ya onu necə kiməsə bağışlaya bilər? Biz öz yayım hüququmuzu verməmişik. İkincisi də PFL öz növbəsində heç kimə bizim yayım hüququnu nə verə, nə də hədiyyə edə bilər. Çünki bu, bizim məhsulumuzdu. Mən başa düşürəm ki, bu gün azarkeşlərimiz bu oyuna baxa bilmir. Onlar da bundan istifadə edib klubla azarkeşi üz-üzə qoymaq istəyirlər. Amma burada klubun marağı var. Necə ki, klub mağazalarda atributunu satır, burada da elə maraq var. Əgər futbolun inkişafından danışırıqsa, bu gün "Xəzər Lənkəran" marketinq sahəsində Azərbaycanda birinci yerdə gedir. Gəlin sabahdan stadionda bilet də satmayaq. Bəs klubun marağı nədi? Biz əgər sivil klub qurmaq istəyiriksə, bunları etməliyik. Federasiya əsasnamədə yazır ki, o klub ki, bilet satmır, mən həmin klubu cərimələyirəm. FİFA və UEFA-da da bu cür tədbirlər var. Yəni sən pulsuz heç nə etməməlisən. Klubun maddi dayağı olmalıdı ki, fəaliyyət göstərəsən. UEFA klublara hər il lisenziya verir, orada da şərtlər qoyulur. Uzağa getməyək, Türkiyəyə nəzər yetirək. Klubların əsas gəlir mənbəyindən biri də teleyayımdı. Azərbaycanda niyə belə olmasın? Yeganə klubuq ki, atribut satırıq, televiziyamız fəaliyyət göstərir. Söhbət yenə gəlib çıxır yayım məsələsinə. Biz yayım hüququmuzu heç kimə verməmişik ki, onlar da kiməsə hədiyyə versin. Bu proses qlobal bir məsələdi. Ümid edirik ki, tez bir zamanda bu problemlər öz həllini tapacaq.
– Ancaq bir məsələ var. PFL "Xəzər Lənkəran"ın yayıma maneçilik törətməyə haqqının olmadığını deyir, "İdman Azərbaycan" da açıq şəkildə olmasa da, üstüörtülü vəsait istədiyinizi bildirir. Yəni…
– Burada "İdman Azərbaycan"lıq bir şey yoxdu. Onlara bir qurum deyəcək get, çək, onların da marağı olacaq və çəkəcək. Bizim üçün bütün kanallar eynidi.
– Yəni hər kəs bir-birini ittiham edir. Adi bir azarkeş kimə inansın?
– Biz heç kimdən pul istəmirik. Bizdən kim yayım hüququnu almaq istəyirsə, bizə müraciət edə bilər. Eyni zamanda pulsuz da heç nə vermirik. Çünki bu, mənim səlahiyyətimdə deyil.
– Olmaz ki, bu yayım məsələsi "Neftçi" ilə oyundan sonra müzakirə edilsin, yəni azarkeşlər nəzərə alınsın…
– Məsələ həll olunmayıb. Bugünə qədər də həll olunmamaqdadı.
RÖVŞƏN ƏHLİMANOĞLU





