Lənkəran stadionu mütləq cəzalanmalıdı. Yaxşı olardı ki, AFFA söyüşə, təhqirə görə də cəza kəssin. Çünki "Böyük oyun"dan sonra bu məsələ aktuallığını bir az da artırıb. Hakimi, futbolçunu bu qədər söymək, təhqir etmək olmaz. Bu oyunda "Neftçi" azarkeşləri yox idi, amma yenə meydana kənar əşyalar atıldı, tribunada dava-dalaş oldu, oturacaqlar havada uçdu. Deməli, problemin kökü cənubluların özündədi.
 
Ancaq burada başqa bir məqam da var. Azarkeşlər niyə yalnız Mahir Şükürovu söyürdü? Axı, Flavinyo qədər "Xəzər Lənkəran"a qol vuran olmayıb. Bəs brazilyalı niyə yaddan çıxır? Buradan aydın olur ki, azarkeşlərin nifrətinin kökündə "tarixi xidmətlər" durur. Elnur Allahverdiyev kimi, Mahir də oynadığı bütün komandalarda iz qoyub. Onun yersiz açıqlamaları, yolverilməz davranışları hesabına bonus kimi yazılıb, indi də "xərclənir".
 
Həm də Mahir bu söyüşləri çox xoşalyır. Belə olmasaydı buna etiraz olaraq hakimə şikayət edərdi, o da məhəl qoymasa, kimlərəsə görk olsun deyə meydanı tərk edərdi. Bu jestə mətbuat da dəstək verərdi. Əvəzində Şükürov nə etdi?
 
1. Azarkeşlərə orta barmaq jesti göstərib, təhqirə təhqirlə cavab verdi və əsəbləri bir az da gərdi.
 
2. Baş və şəhadət barmaqlarını baş-başa tutub, daha bir ədəbsiz jesti tribunalara göstərdi.
 
3. Daha bir epizodda ona qartopu atılarkən, əl-qol hərəkətləri ilə özünə ünvanlanan 3 hərifli söyüşün yaxınlarına da ünvanlanmasına səbəb oldu.
 
4. Aut atmaq əvəzinə, nümayişkaranə surətdə aut xəttinin çölündə top çiləyib vaxt öldürmək, bununla da qəzəbli kütləni daha da əsəbləşdirməyə başladı. Təxribati hərəkəti isə ona hətta telefon atılmasına səbəb oldu.
 
5. Matçdan sonra qapını sındırmaqla daha bir "qəhrəmanlıq" etdi.
 
Məncə, Mahirin bu hərəkəti klubun ümumi təlim-tərbiyə səviyyəsinin nəticəsidi. Vaxtilə orta  barmaq jestinə görə milli komanda oyunçusu olduğu üçün cəzadan canını qurtaran Şükürov "Neftçi"də cəriməyə məruz qalmadığından azğınlaşıb. Bundan başqa, 2:2-dən sonra 2 futbolçunun qırmızı vərəqə alması "Neftçi"də zəif idarəçiliyin nəticəsidi. "İnter"lə oyundan sonra rəqibə zərbə vuran Denis Silvaya qulaqburması verilsəydi, indi həmin qruplaşmanın digər üzvləri olan Bruno Bertuççi və Karlos Kardoso da rəqibə qarşı karate fəndinə görə meydandan qovulmazdı. Özündən böyüklərdən, legionerlərdən futbol yox, tərbiyəsizlik dərsi alan Ağabala Ramazanov da unudulmamalıdı. "Xəzər Lənkəran"ın ərköyün hüçumçusu istedanı yalnız intizamsızlıqla göstərir. Çünki son dəqiqə böhranına o da şıllaq atmaqla tövfə verdi ki, bu da cənub klubunun bir yeniyetmə ilə bacarmamasının göstəricisidi.
 
FƏRİD, LƏNKƏRAN
Shares: