Bu gün AFFA-nın inzibati binasında Premyer Liqada mübarizə aparan klubların baş məşçqiləri və rəsmiləri ilə görüş keçirilib. Futbolinfo.az xəbər verir ki, iclasda növbəti mövsüm üçün 21 yaş və legioner limiti müzakirə olunub.
 
“Xəzər Lənkəran” klubunun vitse-prezidenti Tuyqun Nadirov da həmin iclasda iştirak edib. Klub rəsmisi iclasla bağlı fikirlırini saytımıza açıqlayıb.
 
“Birinci növbədə AFFA-ya təşəkkür edirəm ki, klub məşqçilərini dəvət edib onların da müəyyən məsələlərlə bağlı fikirlərini öyrəndilər. Məsələlərdən biri legioner limiti ilə bağlı idi. Hər məşqçi öz fikirlərini bildirdi. Həmçinin hansı yaş qruplarında futbolçuların heyətdə olub-olmaması ilə bağlı müzakirələr oldu. Sevindirici haldı ki, məşqçilərin fikirləri, düşüncələri öyrənilir. Çünki bu qaydaların nəticə göstərib-göstərməməsi məşqçilərdən asılıdı. Bizim təklifimiz o idi ki, iki 21 yaşlı futbolçunun meydanda olması Azərbaycan futbolunu geri salar. Bizim kimi digər məşqçilər də eyni fikirdə idi. Komandalar gəncləri əvəzedici heyətdə və ya əsas heyətdə oynadır. Elə qərarlar var ki, futbolumuzun xeyrinə, eləsi də var ki, ziyanına işləyə bilər. Futbolçular var ki, onların 21 yaşı var. Amma gələn mövsüm limitə düşmədiyi üçün oynamamlıdı? Belə perspektivli futbolçular var. Biz onun tərəfindəyik ki, gələn mövsüm Azərbaycan futbolu naminə 6+5 olsun. Yəni fərq olmasın ki, bu futbolçulardan birinin və ya ikisinin 21 yaşı olsun. Futbolçu bacarıqlıdısa, 17 yaşında da, 19 yaşında da, 21 yaşında da gəlib əsas heyətdə oynaya bilər. Düzdü, orada qərar qəbul olunmurdu. Sadəcə, klubların fikirləri öyrənilirdi. İcraiyyə Komitəsinin növbəti iclaslarında klubların da mövqeyi açıqlanacaq. Əgər AFFA rəhbərliyi məsləhət bilsə, İcraiyyə Komitəsinin növbəti iclasında məşqçilərdən 1 və ya 2-si klub məşqçilərinin adından mövqeləri açıqlana bilər. Yəni bu məsələdə konkret bir şey yoxdu. Sadəcə, bunun baş verməsi federasiya rəhbərliyinin qərarından asılıdı”.
Shares: