"Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyevin futbolinfo.az saytına müsahibəsi
– "Bakı" ilə oyunun hazırlıqları necə gedir?
– Başqa komandalarla oyuna necə hazırlaşırıqsa, o qaydada da "Bakı" ilə oyuna hazırlaşırıq. Baxmayaraq ki, komandanın 5 aparıcı futbolçusu yoxdu, hamısı cəzalıdı. Mənim üçün maraqlıdı ki, nəyə görə "Xəzər Lənkəran"la oyun televiziya vasitəsilə yayımlanmadı, amma "Bakı" ilə oyun canlı veriləcək?
– Yayıma qarşı çıxan "Xəzər Lənkəran" tərəfi olmuşdu…
– Sual verin ki, nəyə görə?
– Tuyqun Nadirovla oyundan öncə danışmışdıq və o, bunu peşəkarlıqdan irəli gələn addım kimi dəyərləndirmişdi…
– Nə peşəkarlıq? Bu qədər camaatı belə oyundan məhrum etdikdən sonra hansı peşəkarlıqdan söhbət gedə bilər?
– Qeyd etdiniz ki, heyətdə 5 əsas futbolçu olmayacaq. Bu boşluğu doldurmaq mümkün olacaq?
– Mən o gün də demişdim: əvəzedilməz futbolçu yoxdu. Meydana çıxacağıq və çalışacağıq ki, boşluqları hiss etdirməyək.
– "Xəzər Lənkəran"la oyun haqda fikirlərinizi bilmək maraqlı olardı. Rəhim Həsənovdan yenə narazı qaldınız…
– Bilirsiz necədi, bütün Azərbaycan bilir ki, Rəhim Həsənovun "Neftçi" ilə problemi var. Bilmirəm niyə belədi. Amma Həsənov bu gün o oyunu idarə etməyə qadir deyil.
– Həsənov Nazim Süleymanovun dönəmində də "İnter"lə oyunda Flavinyoya "qırmızı" vermişdi…
– Rəhimin ən zəif cəhəti odu ki, həddən artıq tez vərəqə paylamağa başlayır. Burada məşhur hakim Pyerluici Kollinanın bir sözü yadıma düşür. O deyir ki, "o hakim acizdi ki, vərəqəyə tez əl atır". Hakim kiməsə xəbərdarlıq etməmiş, tədbir görməmiş, nə tez vərəqəyə əl atır?
– Dünən AFFA-da 21 yaşlarla bağlı iclas keçirildi. Bu iclas haqqında məlumat verərdiniz…
– Mən dünən iclasın yarısına qədər orada oldum. Daha sonra üzrxahlıq edib çıxdım. Niyə? Çünki mənim saat 3-də məşqim vardı. Bu gün mənə hər şeydən vacib öz komandamın hazırlığıdı. Lakin orada olduğum müddətdə müzakirələrdə iştirak etdim və onların irəli sürdüyü təkliflərin yox, 3-cü variantın üzərində dayandım. 6-3-1-1, yəni 6 legioner, 3 yerli, bir 21 və bir 23 yaşlı futbolçu. Niyə mən bu variantı seçdim? Mənə deyin görüm Azərbaycan futbolçusu 21 yaşı tamam olduqdan sonra futbol oynamamlıdı?
– Təbii ki, oynamalıdı…
– Ona görə də mən bu variantı seçdim.
– Martda milli komandanın toplanışı olacaq. Çempionatın qızğın bir vaxtında bu toplanışa ehtiyac vardı?
– Bu, sırf PFL-in işidi. Bu gün klub məşqçilərini də fikirləşmək lazımdı. Əgər toplanış olursa, deməli bu, məqsədyönlü çağırışdı. Mənə elə gəlir ki, çempionatın ortasında toplanış keçirmək klubların oyununa təsir edəcək.
– "Neftçi"nin çempionluq şanslarını necə dəyərləndirirsiz?
– Yüzdə yüz dəyərləndirirəm. "Qarabağ"dan 1 xal geri qalırıq. Bu gün baxmayaraq ki, komandanın yarısı cəzalıdı, biz öz çempionluq iddialarımızı yerə qoya bilmərik.
– Yəni ardıcıl 4-cü çempionluğa söz verirsiz?
– Əlbəttə.
RÖVŞƏN ƏHLİMANOĞLU





