Futbol üzrə Azərbaycanın əsas yığmasında baş məşqçi Berti Foqtsun köməkçisi olan Aslan Kərimov Topaz Premyer Liqasının 13-cü turunun "İnter" – "Simurq" oyununu stadiondan canlı izlədi. 17 yaşadək futbolçulardan ibarət yığmamızın da baş məşqçisi olan keçmiş futbolçu futbolinfo.az saytına bəzi açıqlamalar verib.
 
Qeyd edək ki, yığmamızın qarşıdan gələn Estoniya (15 noyabr) və Qırğızıstanla oyunlarına "Simurq"dan futbolçu çağırılmayıb. "İnter"dən isə qapıçı Səlahət Ağayevlə hücumçu Vaqif Cavadov bu görüşlərdə forma geymək şansına malikdi. "Bankirlər"in müdafiəçisi Ruslan Əmircanov isə Foqtsun ehtiyat siyahısında yer alıb və ona son anda ehtiyac olacağı halda milliyə dəvət olunacaq.
Kərimov da öncə məhz Əmircanovun yığmanın əsas heyətinə çağırılmamasına münasibət bildirdi: "Düzünü deyim ki, onun əsas heyətə çağırılmamasının səbəbini mən də bilmirəm. Ola bilsin ki, həmin mövqedə Foqts başqa namizədləri sınamaq istəyir. Ruslan çox sürətli və cəld futbolçudu. Ümumiyyətlə, belə futbolçular çempionatımızda çoxdu. Mənə elə gəlir ki, onlara millidə şans vermək lazımdı".
 
Kərimov millimizin baş məşqçisi Berti Foqtsun gələcəyinə dair fikirlərini də açıqlayıb: "Foqts yaxşı məşqçidi. Doğrudu, onun haqqında çoxlu söz-söhbətlər gəzir ki, millidən gedəcək. Lakin sonda necə olacağını hələ heç kim bilmir. Hər şeyə AFFA qərar verəcək".
Shares: