"Xəzər Lənkəran" Con Toşakın istefasından sonra çox keçmədi ki, Türkiyədə Fatih Terimdən sonra ikinci ən güclü məşqçi hesab edilən Mustafa Dənizli ilə anlaşdı. Futbolinfo.az xəbər verir ki, dünən günorta saatlarında "Palmali" şərkətlər qrupunun prezidenti Mübariz Mənsimovun şəxsi təyyarəsi ilə birbaşa Lənkəran Hava Limanına enən çalışdırıcı klubun bazası və şəraiti ilə tanış olduqdan sonra yenidən Türkiyəyə qayıtdı.
Sabah Bakıya gələcəyi güman edilən Dənizli ilə 1,5 illik müqavilə bağlanılacağı bildirilir. Belə olan təqdirdə, o, müqavilə müddəti ərzində 6 milyon (!) avro qazanacaq. Məşqçi hazırda 8-ci yerdə qərarlaşan "Xəzər Lənkəran"ı ilk ikiliyə yüksəldəcəyi təqdirdə əlavə bir milyon avro bonus alacaq. Bu haqda Türkiyə mətbuatı məlumat verir.
Bir qədər fantastik görünsə də, həmkarlarımızın məlumatı dəqiqdisə, Dənizli 1,5 illik müqavilə dəyərində alacağı 6 milyon avroluq məvacibə görə, başda “Qalatasaray”dan 4,5 milyon avro alan Roberto Mançini olmaq üzrə, Villaş-Boaşı (4,35 milyon), Çesare Prandellini (3 milyon), Luçano Spalettini (3,25 milyon), Antonio Konteni (2,9 milyon) geridə qoymuş olacaq.
Məlumat üçün dünyada ən çox qazanan məşqçilərin sıyahısını təqdim edirik:
Joze Mourinyo – "Çelsi" (12 milyon avro)
Fabio Kapello – Rusiya milli komandası (7,5 milyon avro)
Marçello Lippi – “Quançjou” (10 milyon avro)
Xose Antonio Kamaço – Çin milli komandası (6,1 milyon avro)
Karlo Ançelotti – “Real” (7,5 milyon avro)
Xerardo Martino – “Barselona” (5,4 milyon avro)





