Vidadi Rzayev “Kəpəz”in baş məşqçi postunu könüllü tərk etsə də, ortada müəmma var. Futbolinfo.az saytının əldə etdiyi məlumata görə, əslində Rzayevin “sükan”ı təhvil verməsinə klubun prezidenti Mehman Allahverdiyev səbəb yaradıb.
Belə ki, ardıcıl uğursuzluqlardan sonra iki yaxın dost və silahdaş arasında narazılıq yaranıb. Hətta iş o yerə çatıb ki, ilk vaxtlar Allahverdiyevin otağından çıxmayan “Vidoş” son dövrlər yalnız ciddi bir səbəb olanda prezidentin kabinetinin qapısını açırmış.
Mehman bəyin “Mil-Muğan”a məğlubiyyətin ardından klubdaxili iclasda “kimliyindən asılı olmayaraq növbəti məğlubiyyətdə hamı cəzalanacaq” deməsi tərəflər arasındakı münasibəti daha da soyudub. “Lokomotiv”lə matçdan öncə isə Allahverdiyev baş məşqçiyə “komanda uduzsa, istefa ərizəsini yazarsan” söyləyib. Son nəticədə “Kəpəz” uduzduğundan Vidadi bəy klub rəhbərinin dediyi kimi edərək, oyundan sonra istefa verib. Və onun ərizəsi qəbul olunub.





