"Sevinirəm ki, bu oyunda qələbə qazandıq. Futbolda hər şey olur. Amma keçmiş komandana qarşı oynamaq çətindi. Orda futbolçularla da, azarkeşlərlə də yaxşı münasibətim var. Təbii ki, sərt oyun olur. Lakin bu meydanda baş verir".
Bu sözləri futbolinfo.az saytına açıqlamasında "Xəzər Lənkəran"ın şərəfini qoruyan Rasim Ramaldanov deyib. Cənubluların "6 nömrə"si millinin son oyunları və Berti Foqts haqqında danışmağı da yaddan çıxarmayıb:
“Axırıncı oyunlarda pis nəticə qazanmadıq. İrlandiyanı məğlub etdik, daha sonra Rusiyadan xal aldıq. Noyabrda iki yoldaşlıq oyunumuz var. O oyunlarda da qələbə qazanmağa çalışacağıq”.
Hazırda əsas müzakirə mövzularından biri yığmamızın baş məşqçisi Berti Foqtsun postunda qalıb-qalmayacağı ilə bağlıdı. Ramaldanov bu məsələyə də münasibətini açıqlayıb: “Məncə, keçmişi yada salsaq, indiki futbolumuz qat-qat güclüdü. Mən istəyərdim Foqts qalsın. Yenə qeyd etmək istəyirəm ki, əvvəlki illərlə müqayisədə millinin oyununda irəliləyiş var. Bunu ən azından son günlərdə keçirdiyimiz oyunlarda hiss etmək olar”.
Qarşıda “Xəzər Lənkəran”ı “Neftçi” ilə Super Kubok matçı gözləyir. Cənub təmsilçisinin müdafiəçisi bu oyunda da uğur qazanmaq istədiklərini gizlətməyib: “Superkubok oyunu çətin olacaq. "Neftçi"yə qarşı oynayacağıq. İstəyərdim ki, qələbə qazanaq və kuboku Lənkərana aparaq”.





