"Real"ın aparıcı üzvü Qaret Beyl dünən Çempionlar Liqasının qrup mərhələsinin beşinci turu çərçivəsində "Qalatasaray"a qarşı keçirilən oyun (4:1) haqda danışıb. Futbolinfo.az xəbər verir ki, uelsli ulduz cərimə zərbəsindən vurduğu qol haqda bunları deyib:
"Mən həm komandamın, həm də öz oyunumdan razıyam. Təbii ki, bu cür gözəl qol vurduğuma görə şadam. Hesab edirəm ki, bu karyeramdakı ən yaxşı qollardan biridi. Hər zaman məşqlərdə bu cür cərimə zərbələrinin üzərində işləyirəm. "Qalatasaray"a qarşı oyunda əsl xarakter nümayiş etdirdik. Azlıqda qaldıqdan sonra çoxları çətinliklə üzləşəcəyimizi düşündü. Amma əksi oldu. 10 nəfərlə qaldıqdan sonra əla futbol sərgilədik. Bu qələbə sayəsində "Real" həqiqətən də dünyanın ən güclü komandalarından biri olduğunu sübuta yetirdi. Əla heyətimiz var və inanıram ki, bu mövsümdə Çempionlar Liqasını qazana bilərik".





