Artıq Super Kubok oyununun keçirilməsinə az bir müddət qalıb. Futbolinfo.az xəbər verir ki, komandaların heç biri sözügedən matça azarkeş aparmayacaq.
 
Bu barədə saytımıza açıqlamasında Super Kubokun iştirakçısı olacaq “Neftçi” və “Xəzər Lənkəran” klublarının rəsmiləri məlumat veriblər.
 
“Neftçi”nin mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə klub tərəfindən heç bir fan-klubun Naxçıvana aparılmayacağını bildirib: “Klub rəsmi olaraq heç bir azarkeşini Naxçıvana aparmayacaq. Müraciətlər olub. Təxminən 5-10 nəfər öz təşəbbüsü ilə gedəcək”.
 
Bakı təmsilçisi kimi, "Xəzər Lənkəran"da Muxtar Respublikaya azarkeşsiz gedəcək. Bu barədə cənubluların mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu açıqlama verib: "Biz də Naxçıvana heç bir fan-klubumuzu aparmırıq. Səhv etmirəmsə, stadionda bizim üçün 200 nəfərlik yer ayrılıb. Lakin burdan azarkeş aparmaq, sonra onları geri qaytarmaq məsuliyyətli iş olduğundan Supe Kubok oyununa azarkeşsiz gedəcəyik. Həm də təhlükəsizlik baxımından azarkeşlərin aparılmasına razı olmadıq. Oyun zamanı Naxçıvandakı azarkeşlərimiz bizə dəstək verəcək".
 
RÖVŞƏN ƏHLİMANOĞLU
Shares: