"Milan"da 25 il forma geyinmiş əfsanəvi Paolo Maldini doğma komandasına baş məşqçi kimi dönür. Futbolinfo.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı xəbər yayıb.
 
"Sky Sports İtalia" yazır ki, A seriyası təmsilçisinin ölkə çempionatındakı uğursuz çıxışı hazırki çalışdırıcı Massimiliano Alleqrinin kreslosunu laxladıb.
 
Məlumatda həmçinin qeyd olunur ki, "Milan"ın Maldini ilə razılığa gəlməsi məsələsi yaxın günlərdə rəsmən açıqlanacaq. Xəbəri klubun idarə heyətində yer alan Silvio Berluskoninin qızı Barbaranın da təsdiqlədiyi bildirilir.
 
Qeyd edək ki, "Milan"da hazırki vəziyyət heç də ürəkaçan deyil. Klubun vitse-prezidenti Adriano Qalliani yaxın vaxtlarda istefa verəcəyini rəsmən açıqlayıb.
 
Maldini futbolçu karyerası ərzində "Milan"da 902 oyun keçirib və 33 qol vurub. Bundan əlavə o, "rossonyerlər"in heyətində yeddiqat İtaliya çempionu (1987-88, 1991-92, 1992-93, 1993-94, 1995-96, 1998-99, 2003-04) və beşqat Çempionlar Liqasının qalibi olub (1988-89, 1989-90, 1993-94, 2002-03, 2006-07).
Shares: