Topaz Premyer Liqasının 14-cü turunda Flavinyonun cəzalanması "Neftçi" rəhbərliyini ayağa qaldırdı. Futbolinfo.az xəbər verir ki, Bakı təmsilçisi "Sumqayıt"la qarşılaşmadan öncə icarədə olan 4 futbolçusunun oynamasına icazə vermirdi.
 
Buna səbəb isə Flavinyonun cəzasının azaldılmasına nail olmaq idi. Axı sözügedən məsələ dolayısıyla "Sumqayıt"la bağlı idi. Belə ki, Sumqayıt təmsilçisinin sponsoru, ARDNŞ-in "Azərikimya" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Muxtar Babayev AFFA-nın Apelyasiya və Ekspert Komitəsinin sədri vəzifəsində çalışdığından "Neftçi" futbolçusunun bağışlanmasına məhz "şantaj" yoluyla nail olmaq istəyirdi.
 
Baş verənləri nəzərə alaraq, klubla əlaqəsi olan şəxsin AFFA-da fəaliyyət göstərməsinin nə qədər düzgün olması ilə bağlı klub rəsmilərinin fikrini öyrəndik.
 
Tahir Süleymanov ("Neftçi"nin vitse-prezidenti): "Bu gün dünya praktikasında belə hallar olur. Önəmli olan məsələyə futbolun inkişafı baxımından obyektiv yanaşmaqdı. Buna Peşəkar Futbol Liqasını (PFL) misal göstərmək olur. Bəzi hallarda qanunu bilmədən ortalığa atırlar ki, Klublar Birliyi yaradılsın. Amma PFL özü klublar birliyi deməkdi. PFL AFFA-nın rəsmi üzvü olaraq klubların təmsilçisi deməkdi. Mən bu işdə qəbahətli bir şey görmürəm. Süni olaraq qalmaqallar yaradılır. "Neftçi" artıq 4-cü mövsümdü ki, çempionluqla yanaşı liderdi. Avropaya çıxmağımız Azərbaycan futbolunda inkişafın olduğunu göstərir. "Qarabağ" da son illərdə uğurlu çıxışı ilə seçilir. Açığını deyim ki, uğur qazanmaq istəməyən və ya bunu bacarmayan şəxslər anarxiya yaradırlar. Hətta hakimliklə bağlı məsələ qaldıranda da bunu obyektivliklə etmək lazımdı. Əgər sən haqlısansa, qanunla haqqını tələb edə bilərsən. Bu gün Azərbaycanda futboldan çox tribunalardan, qalmaqallardan danışılır. Bu da ona görə yaradılıb ki, meydandakı 90 dəqiqəlik oyun yaddan çıxsın. Bu da Azərbaycan futboluna toplaşmış, futbolu bilməyən şəxslərin işidi".
 
Yaşar Seyidov ("Bakı"nın icraçı direktoru): "Burada məsələ fərqlidi. İctimai əsaslarla fəaliyyət göstərənlər ödənişsizdi. Yəni AFFA bu işə görə heç bir haqq ödəmir. Klub prezidentləri AFFA İcraiyyə Komitəsinin (İK) üzvüdü. Buna görə də həmin şəxslərə bu işə görə ödəniş olmur. 12-13 il bundan əvvəl İK UEFA və FİFA-nın məsləhətləri əsasında AFFA nizamnaməsi qəbul edib. Fikir versək görərik ki, bu gün İK-nın üzvləri klublardan, sahə və regional futbol federasiyalarından təşkil olunub. Onlar da AFFA nizamnaməsinə uyğun olaraq fəaliyyət göstərir. Mirkamil Rəhimov İdman və Gənclər Nazirliyində departament müdiridi və İK-nın üzvüdü, "Bakı"nın prezidenti Hafiz Məmmədov İK-nın üzvüdü. Bu, onu göstərir ki, İK-da təmsil olunan futbol adamları Azərbaycanda futbolun inkişafında marağı olan şəxslərdi. Bu da tam qanunauyğundu. Bu, nizamnaməyə uyğundu".
 
Bəhruz Şirəliyev ("Rəvan"ın vitse-prezidenti): "Bu, işin xarakterindən asılıdı. İlk baxışdan adama təəccüblü görünür. Digər tərəfdən həmin insanın futbolun içində olması müsbət cəhətdi. Yenə deyirəm, bu, təəccüblü görünə bilər ki, nəsə bağlılığı var. Ümumilikdə hesab etmək olar ki, burada ciddi problem yoxdu. Ən əsası odu ki, işdə obyektivlik olsun və hər kəsin haqqı qorunsun".
 
Georgi Nikolov ("İnter"in prezidenti): "Öz həmkarlarımı şərh etməyə çətinlik çəkirəm. Əgər AFFA bu qərarı veribsə, deməli burada heç bir problem yoxdu. Ancaq düzünü demək lazım gələrsə, bu, düzgün deyil. Məsələnin başqa bir tərəfi də var. Hər hansı bir klub nümayəndəsinin AFFA-da işləməsi onun komandasına xeyir verəcəyi anlamına gəlmir".
 
Tuyqun Nadirov ("Xəzər Lənkəran"ın vitse-prezidenti): "Klub nümayəndələrinin AFFA-nın strukturlarında çalışmasının müəyyən qədər mənfi tərəfləri də var. Lakin istənilən halda bu şəxslərin lazım olan anda doğru və basqı altında qalmadan qərar verməsi onlara olan ictimai təzyiqi azalda bilər. Biz inanmaq istərdik ki, məhz belə də olur".
 
Fikrət Hüseynov (AZAL-ın idman direktoru): "Bu məsələyə normal yanaşırıq. Yəni hər şey qanunauyğun gedirsə, burada heç bir problem yoxdu. Artıq 21-ci əsrdi. İnanmıram ki, kimsə AFFA-dakı mövqeyindən istifadə edib hansısa oyunda rəqibə qarşı haqsızlıq etsin. Məncə burada heç bir problem yoxdu".
 
"Sumqayıt"ın prezidenti Kamran Quliyev isə məsələyə bir cümlə ilə münasibət bildirdi: "Bu insanlar işlərinin öhdəsindən peşəkarcasına gəlirlərsə, burada nə problem var ki?"
 
Mövzu ilə bağlı "Qarabağ", "Simurq" və "Qəbələ"nin fikirlərini öyrənmək istəsək də, cəhdlərimiz fayda vermədi.
 
Sonda isə bir məqama toxunmamaq olmur. Maraqlıdı, sözügedən məsələni normal qəbul edən klublar növbəti turlarda məhz oxşar səbəbdən haqsızlığa məruz qalsalar, onda da bu fikirlərində qalacaqlar?
 
RÖVŞƏN ƏHLİMANOĞLU
Shares: