AFFA İcraiyyə Komitəsinin qarşıdakı konfransında əsas müzakirə mövzusu milli komandamızın baş məşqçisi Berti Foqtsun taleyi olacaq. Əslində, burada müzakirəlik bir şey qalmayıb. AFFA demək olar ki, onunla yeni müqaviləni razılaşdırıb, iclasda isə anlaşmanın rəsmiləşməsi qalır.
Beləliklə, azı daha 2 il Foqtsa dözməli olacağıq. Eyni zamanda ondan tələblərimiz də olmalıdı. Çünki alman çalışdırıcı artıq təzə gəlmiş birisi deyil. Belədə onunla tələb diliylə danışmaq şərtdi. Bəs hansı tələblə?
Elnur Məmmədli, “İdman Azərbaycan” kanalının əməkdaşı: "İstərdim ki, Foqts Azərbaycanda daha çox vaxt keçirsin. Əvvəlki illərdə o, buna əməl etmirdi. Çempionatın oyunlarını daha çox izləməlidi. Bunun üçün köməkçiləri də fəaliyyət göstərməlidi. Və konkret olaraq nə qədər xal yığılmalı və ya qrupda neçənci yer tutulmalı olması tələb kimi qoyulmalıdı. Daha “yaxşı oynadıq, qalib gələ bilmədik” kimi bəhanələr olmasın. AÇ-2016-nın qrup mərhələsinə düşmək arzu ola bilər. Reallıq göstərir ki, bizim futbolçular o səviyyədə deyil. Bu o halda ola bilər ki, UEFA komandaların sayını artırsın. Amma hazırkı çempionatımızın və futbolçularımızın səviyyəsinə baxdıqda görürük ki, bizim AÇ-nin qrup mərhələsində oynamağımız xeyli uzaqdı".
Vaqif Sadıqov, AZAL-ın baş məşqçisi: "Komanda ildən-ilə daha çox xal yığır və turnir cədvəlində vəziyyətinidə yaxşılaşdırır. Ötən tsikldə komanda 4-cü olmuşdusa, bu dəfə 3-cü və daha yuxarı yer üçün mübarizə aparmalıdı. Bu, bizim gələcəkdə Avropa və dünya çempionatlarının qrup mərhələsində oynamağımız üçün zəmin yaratmalıdı. Düzdü, hazırda reallıq bizim xeyrimizə deyil. Amma bunu dəyişmək üçün məşqçinin qarşısına konkret tələb qoyulmalıdı".
İlkin Fikrətoğlu, ATV-nin idman şərhçisi: "Ümumiyyətlə, İK-nın qərarını pisləyirəm. Foqtsun lehinə səs verənlər daha çox qazanılan 9 xalı gözə soxurlar. Foqtsa heç bir məşqçiyə verilməyən qədər vaxt, heç bir məşqçiyə verilməyən qədər məvacib, heç bir məşqçiyə verilməyən stastus və səlahiyyət verilib. Onun istədiyi vaxt çempionatda fasilə yaranırdı. Foqtsun komandası hətta məğlub olduğu halda belə mükafat alırdı. Xorvatiya millisi dünya çempionatına vəsiqə qazandığı üçün 500 min aldısa, bizimkilərin lazımsız heç-heçələrə görə aldıqları pulu toplasan, bu məbləğdən çox edər. Ona görə qrupda tutduğumuz 4-cü yerə, topladığımız 9 xala görə Foqtsa qəhrəman kimi baxmaq gülüncdü. Amma artıq qərar verilib. Təəssüf ki… Öncə onun məvacibi azalmalıdı. Və maksimum nəticə tələb olunmalıdı. Artıq 3 komanda final mərhələsinə vəsiqə qazanacaq deyə qrupda ilk “üçlük”də biz də olmalıyıq. Ondan başqa, milli çempionatın oyunlarını izləməli və seleksiya işi ciddi aparılmalıdı. Bir sözlə, Foqts bizim həm pulumuzu qazanırdı, həm də bizim ölkəyə yuxarıdan aşağı baxırdı. Onun bir neçə müsahibəsini oxumuşam, fikrimcə, bu dəfə onunla daha yüksək tonla danışmaq lazımdı və təbii ki, qarşısına daha ciddi şərtlər qoyulmalıdı".
Kənan Məstəliyev, Rekord.az saytının baş redaktoru: "Foqts ölkə çempionatının oyunlarını daha çox izləməlidi. Çünki ölkə çempionatında mütəmadi olaraq özünü yaxşı tərəfdən göstərən futbolçular var. Amma Foqts onları milliyə çağırmır. Buna ən yaxşı misal "İnter"dən Asif Məmmədovdu. Onun milliyə verəcəyi xeyir, yeriməkdə belə çətinlik çəkən Əfran İsmayılovdan daha çox olar. Ancaq Berti Foqts onu milliyə çağırmadı. Ona görə də əziyyət çəkib təkcə "Bakı"nın bazasında yox, başqa stadionlarda da olsun. Ən azı turdakı 5 oyundan 2-ni canlı izləsin. Ayın 30 gününün minimum 20-25 gününü Azərbaycanda keçirməyəcəksə, ondan bizə olan xeyir Elxan Məmmədovun Azərbaycan futboluna olan xeyri qədər olacaq. Yəni heç nə qədər".
Elxan Abdullayev, işsiz mütəxxəsis: "Mənə maraqlı olan İK-nin özünün tələbləridi. Foqtsun qarşısına hansı tələbləri qoyublar? Bu, açıqlansa, yaxşı olardı. Mən istərdim ki, Foqts vaxtının çoxunu Azərbaycanda keçirsin, çempionatın oyunlarını izləsin".
Erkin İbrahimov, futbol eksperti: "Bizdə İK çətin ki, Foqtsun qarşısına tələb qoya bilər. Bunu kim edəcək ki? Kazbek Tuayev, Ələkbər Məmmədov, AGİN nümayəndəsi və ya akademiya rektoru? Tələb qoyan olsa, Foqtsun özü olacaq. Əslində, Foqts nəticədən asılı olmalıdı. 5 il istəmişdi, 6 il keçdi. İndi isə müqavilədə yazdırmaq lazımdı ki, 6-cı yer tutsa, nəzərdə tutulan məbləğin 50 faizini alacaq, 5-ci yeri tutsa, 70 faizini və s".
KƏMALƏ İSMAYILOVA





