Gürcüstanın bir neçə klubunda oynamış Levan Cəlilovu Bakıda aldadıblar. Qonşu ölkədə yaşayan kürd əsilli futbolçu “Neftçi”də firildaqçılığın qurbanı olub.
 
Əslində, bu xəbər Futbolinfo.az saytına futbolçunun özü tərəfindən ötürülüb. Bizimlə əlaqə saxlayan Levan indi “Neftçi”də oynamaq haqqında yox, əlindən rüşvət kimi alınan 5000 dolların həsrətindədi.
 
Futbolçuya inansaq, 2011-ci ilin sonlarında Bakı klubunda baxışda olub. O zaman bu işdə vasitəçi olan Natiq adlı bir şəxs gənc oyunçunu klub prezidenti Sadıq Sadıqovla da görüşdürüb. Məşq zamanı futbolçunu özü də bəyənən Sadıqov Levana vizit kartını verib və onun 2012-ci il yanvarın 5-də başlayacaq təlm-məşq toplanışına çağırılacağını bildirib. Cəlilov artıq 2 ildi həmin dəvəti gözləyir.
 
Təbii ki, futbolçuya dəvət göndərməmək “Neftçi”nin haqqıdı. Belə ki, ola bilsin, “Neftçi” rəhbərliyi, eləcə də məşqçilər korpusu sonradan fikrini dəyişib, ya da daha səviyyəli futbolçu aldıqları üçün Cəlilova ehtiyac duyulmayıb. Ancaq işin qaranlıq tərəfi budu ki, hansı səviyyədə futbolçu olduğunu bilmədiyimiz Levanın Bakı klubuna transferi üçün ondan rüşvət alıblar. Cəlilovun soyadını xatırlamadığı həmin Natiq adlı şəxs Sadıqovun vizit kartını futbolçudan alıb, daha sonra isə yaxşı məbləğə müqavilənin bağlanacağını vəd edərək ondan 10000 dollar istəyib. Levan isə üstündə olan 5000 dolları Natiqə verib, qalanını müqavilə rəsmiləşəndən sonra ödəyəcəyini vəd edib.
 
Elə həmin gündən etibarən Natiq yoxa çıxıb və bununla da Levanın “Neftçi” arzusu gözündə qalıb. Hazırda Qori “Dila”sına keçmək üzrə olan Cəlilov Bakıdadı və Sadıq bəylə danışıb 5000 dollar verdiyi Natiqi tapmaq istəyir. Təbii ki, həmin şəxs Sadıq bəylə əlaqə qura bilən biridisə, deməli, prezident onu tanıyır. Bu səbəbdən Sadıqov da futbolçuyla görüşməkdə maraqlı olmalıdı. Ona görə yox ki, Cəlilovu transfer etmək lazımdı; ona görə ki, Sadıq bəyin adından istifadə edib futbolçudan pul qoparan həmin Natiq tapılmalıdı. Axı, 5000 dollar “Neftçi” prezidenti üçün böyük məbləğ olmasa da, onun Sadıqovu tanıyan bir adama rüşvət kimi verilməsi faktı ciddi ittihamdı.
 
CAVAD
Shares: