Avroliqa 2026/27 mövsümü üçün 20 komanda və 38 turluq mövcud formatı saxlayacağını təsdiqləyib. Bu o deməkdir ki, sistem ən azı bir il dəyişməz qalacaq.

Altı komanda birbaşa pley-offa, daha dörd komanda isə pley-in mərhələsinə yüksələcək. “Dördlər Finali” ilə mövsümə yekun vurulacaq. Hər hansı format dəyişikliyi, çox güman ki, 2027/28 mövsümünə və ya daha sonrakı dövrə qədər təxirə salınacaq.

Növbəti mövsüm üçün komandaların tərkibi qeyri-müəyyən olaraq qalır. “Hapoel” bu mövsüm pley-offa çıxmaqla yerini təmin edib. “Real” və “Fənərbağça” Avroliqa ilə yeni uzunmüddətli müqavilələr imzalamayıb. ASVEL-in gələcəyi sual altındadır. “Srvena Zvezda”, “Partizan”, “Valensiya” və “Virtus” 2025/2026 mövsümündən əvvəl üç illik, “Dubay” isə beş illik lisenziya müqaviləsi imzalayıb.

“Monako” maliyyə problemləri ilə üzləşir – klub dövlət müdaxiləsindən sonra iflasdan qaçıb. “Paris” bir illik xüsusi dəvətlə oynayır və müddətin uzadılması ehtimalı var.

Xatırladaq ki, bir müddət əvvəl Avroliqanın yeni baş direktoru Çus Bueno təşkilatın format dəyişikliyini, o cümlədən iki konfranslı modelə keçidi nəzərdən keçirdiyini bildirmişdi. O bunun yalnız liqanın 22 komandaya qədər genişlənməsi halında məntiqli olacağını söyləmişdi.

Shares: