Azərbaycan Kubokunun finalında bu gün “Sabah”la qarşılaşacaq “Zirə” avrokuboklara vəsiqə qazanmaq üçün mütləq qalib gəlməlidir.

Futbolinfo.az xəbər verir ki, qəsəbə təmsilçisinin bunu həyata keçirməsi heç də asan olmayacaq. Çünki “Zirə”nin “Sabah”la matçlarda son nəticələri heç də ürəkaçan deyil. Təsadüfi deyil ki, Rəşad Sadıqovun yetirmələri artıq iki ildir ki, bu rəqibini üstələyə bilmir.

Zirəlilər axırıncı dəfə 2024-cü ilin avqustunda – 2024-25 mövsümünün ilk dövrəsində “Sabah”ı səfərdə 2:0 hesabı ilə məğlub edib. Həmin vaxtdan bəri baş tutan 6 görüşün 2-də qələbə qazanan “Sabah” 4 oyunda rəqibi ilə bərabərə qalıb.

Komandaların 30 görüşünün yalnız 2-də böyük hesab qeydə alınıb. 2019-cu ildə “Zirə”, 2025-ci ildə isə “Sabah” 3:0 hesablı qələbə qazanıb.

Qeyd edək ki, bu gün “Palms Sports Arena”da keçiriləcək “Sabah” – “Zirə” qarşılaşması saat 20:00-da başlayacaq.

Shares: