“Koventri Siti”nin çalışdırıcısı Frank Lempard Liqa Menecerləri Assosiasiyası tərəfindən İlin Baş Məşqçisi seçilib.
Keçən mövsüm “Koventri” ən yaxın rəqiblərini 11 xal qabaqlamaqla Çempionşipdə birinci olaraq 2000/01 mövsümündən bəri ilk dəfə Premyer-Liqaya qayıdıb. Aprel ayında Lempard Çempionşipdə də Mövsümün Baş Məşqçisi seçilmişdi.
Bu uğur Lempardın həmkarlarından ən yüksək səs toplamasına səbəb olub. LMA-nın üzvləri 47 yaşlı ingilisə digər namizədlərdən – “Arsenal”dan Mikel Arteta, “Mançester Siti”dən Pep Qvardiola, “Aston Villa”dan Unay Emeri, “Bornmut”dan Andoni İraola, “Brentford”dan Keyt Endryu, “Linkoln”dan Maykl Skubala və “Bromli”dən Endi Vudmandan – daha çox səs veriblər.
Lemparda təqdim edilən mükafat Aleks Ferqyusonun adını daşıyır. “Mançester Yunayted”in əfsanəsinin özü səhhətindəki problem səbəbindən LMA mərasimində iştirak edə bilmədiyi üçün İngiltərə millisinin baş məşqçisi Tomas Tuhel mükafatı təqdim edib.
“Əlbəttə ki, Ser Aleks olmayanda hər şey başqa cür olur. Ona ən yaxşı arzularımızı və tezliklə sağalmasını arzulayırıq ki, gələn il bizimlə birlikdə səhnədə ola bilsin. İndi isə mənə bu məktubu sizə oxumaq tapşırılıb. Əziz Frank, LMA-da ilin meneceri seçilməyiniz münasibətilə sizi təbrik edirəm. Özünüzün və komandanızın nailiyyətləri ilə fəxr etməlisiniz. Məşqçi və lider kimi şəxsiyyətiniz “Koventri”nin bu mövsüm gözəl və inamlı oyun tərzində özünü çox aydın şəkildə göstərirdi. Sizi izləməkdən zövq aldım. Əminəm ki, bu mükafatı qazanmaq sizin üçün çox şey ifadə edəcək və sizə gələn mövsüm Premyer Liqada uğurlar arzulayıram”, – deyə Tuhel qeyd edib.






