UEFA Avropa Liqasının I təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan İslandiyanın “Vestri” klubu ölkə futbolunun ən maraqlı hekayələrindən birinə sahibdir. İslandiyanın şimal-qərbində, sərt iqlimi və əlçatmaz coğrafi mövqeyi ilə seçilən İsafyordur şəhərini təmsil edən komanda son illərdə sürətli yüksəlişi ilə diqqət çəkib və qısa müddətdə ölkə futbolunun əsas sürprizlərindən birinə çevrilib.

Klubun əsası 1986-cı ildə qoyulub. İlk illərdə Bİ (orijinal yazılışı – Badmintonfélag Ísafjarðar) adı altında fəaliyyət göstərən komanda İslandiyanın aşağı liqalarında çıxış edib. 1988-ci ildə şəhərin ən böyük futbol klubu olan İBİ maliyyə problemləri səbəbindən fəaliyyətini dayandırdıqdan sonra onun əksər futbolçuları Bİ-yə qoşulub. Klub həmin il adını “Bİ’88” olaraq dəyişib və yeni mərhələyə qədəm qoyub.

Komanda ilk mövsümlərində böyük üstünlüklə çıxış edib, bir mövsümdə 46 qol vurub cəmi 3 top buraxıb, hətta rəqiblərindən birini 18:0 hesabı ilə məğlub edib. Bu nəticələr klubun qısa müddətdə yuxarı liqalara yüksəlməsinə şərait yaradıb.

Lakin uğurlu başlanğıc uzun çəkməyib. 1990-cı illərin ortalarında maliyyə çətinlikləri yaşayan klub 1996-cı ildən sonra fəaliyyətini dayandırmağa məcbur olub. Futbol İsafyordura yalnız 10 il sonra qayıdıb. 2006-cı ildən etibarən komanda qonşu Bolunqarvik şəhərinin təmsilçisi ilə birgə “Bİ/Bolungarvik” adı altında çıxış edir. Bu əməkdaşlıq nəticəsində kollektiv yenidən yüksəlişə başlayıb, əvvəlcə ikinci, daha sonra isə birinci liqaya vəsiqə qazanıb. 2016-cı ildə futbol klubu digər idman növlərini birləşdirən “İthrottafelagid Vestri” idman cəmiyyətinin tərkibinə daxil edilib və bu gün tanınan “Vestri” adı ilə fəaliyyətini davam etdirir.

Klubun son illərdəki inkişafı xüsusilə diqqətəlayiqdir. 2019-cu ildə son turda “Tindastoll”u 7:0 hesabı ilə məğlub edən komanda daha yüksək liqaya yüksəlib. 2023-cü ildə isə pley-off finalında “Aftureldinq” üzərində qələbə qazanaraq tarixində ilk dəfə İslandiyanın elit divizionuna vəsiqə əldə edib. Bu, şəhər futbolu üçün tarixi hadisə sayılırdı. Amma komanda yüksək liqada 1 mövsüm oynadıqdan sonra 11-ci yeri tutaraq geri qayıdıb.

hq720 2 - Futbolinfo.az

Buna baxmayaraq, “Vestri”nin ən böyük uğuru da elə 2025-ci ildə qeydə alınıb. Komanda İslandiya Kubokunun finalında ölkənin ən titullu klublarından biri olan “Valur”u 1:0 hesabı ilə məğlub edərək tarixində ilk böyük titulunu qazanıb. Bu qələbə sayəsində “Vestri”  ilk dəfə avrokuboklara vəsiqə əldə edib. Daha maraqlısı odur ki, “Vestri” Avropa kuboklarında iştirak hüququ qazanan ilk İslandiya aşağı liqa təmsilçisi kimi də tarixə düşüb.

Klubun təmsil etdiyi İsafyordur şəhəri də xüsusi diqqət çəkir. Reykyavikdən təxminən 450 kilometr məsafədə yerləşən bu yaşayış məntəqəsinə paytaxtdan avtomobillə 5-7 saata gəlmək olar, amma qış aylarında yolların bağlanması vəziyyəti çətinləşdirir. Coğrafi təcrid olunmuş mövqeyinə baxmayaraq, şəhər futbol komandası son illərdə bütün İslandiyanın diqqətini öz üzərinə çəkməyi bacarıb.

Təbii ki, bu rəqibi adlamaq “Qarabağ” üçün çətin olmamalıdır. Amma istənilən halda ciddi hazırlaşmaq lazım olduğunu Qurban Qurbanova xatırlatmağa ehtiyac yoxdur. Ölkədə rəqibə həddindən artıq hörmət edənlər arasında ondan idealını tapmaq olmaz. Bunun özü belə “Qarabağ”ın üstünlüyüdür. Arxayınlıq bu komandaya yaddır. “Vestri”nin hazırkı vəziyyəti haqda yazını isə oyun ərəfəsində sizə təqdim edəcəyik.

CAVAD

Shares: