“Qəbələ”nin və “Neftçi”nin sabiq baş məşqçisi Roman Qriqorçuk UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin ilk görüşləri çərçivəsində keçiriləcək “Dinamo” (Kiyev) – “Qarabağ” oyunundan danışıb.

Futbolinfo.az-a açıqlama verən ukraynalı mütəxəssis həmyerlilərini bu görüşdə üstün tərəf sayıb: “Düşünürəm ki, maraqlı oyun olacaq. Şanslar daha çox “Dinamo”nun tərəfindədir. Çünki kiyevlilərin potensialı daha yüksəkdir və hesab edirəm ki, onların qələbə şansı çoxdur. Amma bilirik ki, “Qarabağ” avrokuboklarda çox təcrübəli və güclü komandadır. Buna görə də oyunun maraqlı keçəcəyi gözlənilir”.

O, “Qarabağ”ı uzun müddətdir izləmədiyini və bu komanda haqqında çox danışa bilməyəcəyini sözlərinə əlavə edib: “Qarabağ”ı uzun müddətdir izləməmişəm. Hətta bu barədə çox fikir bildirə bilmirəm. “Qarabağ” çempionluğu uduzub, amma oyunlarını izləməmişəm. Ona görə də bu kontekstdə nəsə deməyim çətindir”.

Qriqorçuk keçmiş komandası “Neftçi” barədə də danışıb: “Neftçi”nin Konfrans Liqasında “Dinamo”ya (Minsk) uduzduğu oyunu izləməmişəm, yalnız nəticəni bilirəm. Təəssüf ki, nəticə yaxşı olmadı. Amma düşünürəm ki, “Neftçi” diqqətini çempionata yönəltməli və qarşısına qoyduğu vəzifələri həll etməlidir. Klub rəhbərliyinə, məşqçilər heyətinə və futbolçulara ən xoş arzularımı çatdırıram. Allah kömək olsun, inşallah hər şeyləri yaxşı olar”.

Shares: