Premyer Liqa klubları kimi, aşağı dəstə komandaları da transfer çalışmalarına başlayıblar. Futbolinfo.az xəbər verir ki, bu mənada birinci divizionun lideri "Araz Naxçıvan" transfer bazarında liderlik edir.
Fasilə başlayan kimi beş oyunçusunu göndərən Naxçıvan təmsilçisi heyətində görmək istədiyi futbolçularla danışıqları hələlik gizli şəkildə aparır. Baş məşqçi Əsgər Abdullayevin israrla sərəncamında görmək istədiyi futbolçuların siyahısında Azər Məmmədov gəlir. Tovuzlu Abdullayevə onun hələ "Turan"da işlədiyi dövrdən yaxşı tanışdı. Gənc futbolçu təcrübəli məşqçinin qərb klubunda çalışdığı dövrlərdə sevimli oyunçularından biri olub.
Yarımmüdafiə xəttinin cinahlarında da yaxşı çıxış etməyi bacaran hücumçunu hələ yayda yanında görmək istəyən Əsgər bəyin istəyi alınmamışdı. İndi yenidən təcrübəli məşqçi Azərə dəvət göndərib. Amma Məmmədovun "Araz Naxçıvan"a keçməsində problem yaranıb. "Turan T" rəhbərliyi klubun əsas üzvlərindən birini Muxtar Respublikaya buraxmaq istəmir. Forvard isə daha iddialı komandanın şərəfini qorumaq üçün Naxçıvana getməkdə maraqlıdı.
Əldə etdiyimiz məlumata görə, tovuzluların prezidenti Namiq Məstanov futbolçunu buraxmaq üçün müəyyən məbləğdə kompensassiya tələb edir. Məstanovun tələbinin 2000 ABŞ dolları olduğu bildirilir.
Qeyd edək ki, yayda Azər də daxil olmaqla bəzi aparıcı futbolçulara ayda 800 dollar maaş verəcəyini bildirən klub rəsmiləri sözlərini tutmadılar. Hətta buna görə onlar oyunlara çıxmaqdan imtina da etdilər. Lakin son nəticədə 500 dollara oynamağa məcbur olan oyunçulara qışda digər komandalara sərbəst şəkildə keçməkdə problemin yaradılmayacağı deyildi. Amma görünür rəhbərlik verdiyi sözü tutmaq istəmir.





