“Xəzər Lənkəran”dan problemlə ayrıldıqdan sonra “Bakı”da qərar tutan, amma burada da arzuladığı formaya qovuşa bilməyən Kamran Ağayev özünə yeni klub tapmalıdı. Belə ki, baş məşqçi Milinko Pantiçin istəyi ilə milli komandamızın qapıçısı transferə çıxarılıb.
Futbolinfo.az-a daxil olan məlumata görə, paytaxt klubunun Kamrandan imtinasının səbəbi onun intizamsızlığıdı. Meyxana deyərək klipə çəkilən, eləcə də bir çox müsahibələrində yersiz açıqlamalar verən Ağayev çoxdan gözdən düşübmüş. Dünən saytımızda tanış olduğunuz foto isə rəhbərliyin də səbrini daşıran son damla olub. Qapıçının siqaretlə fotosu onun haqda qəti qərarın verilməsinə səbəb olub.
Xəbəri dəqiqləşdirmək üçün “Bakı” klubunun icraçı direktoru Yaşar Seyidovla əlaqə saxladıq. O, xəbəri nə təsdiq, nə də təkzib etdi. Klub rəsmisi məsələnin tezliklə dəqiqləşəcəyini bildirdi.
Bizdə olan bilgiyə görə, artıq “Qəbələ” Kamranın transferi üçün işə girişib. “İnter”dən Səlahət Ağayevin transferini reallaşdıra bilməyən əyalət klubu milli komandanın əsas qolkiperi üçün hər fədakarlığa hazırdı.
KƏMALƏ İSMAYILOVA





