Bir neçə saat öncə Nazim Süleymanovun "Neftçi"dən getməsi rəsmən açıqlandı. Futbolinfo.az xəbər verir ki, artıq qısa zamanda Süleymanovun yerinə gələcək baş məşqçinin də kimliyinə aydınlıq gəlib. Bundan sonra "ağ-qaralar"ı Böyükağa Hacıyev çalışdıracaq.
 
"Neftçi"nin cari mövsümdə artıq ikinci məşqçi ilə yollarını ayırması hər dəfəsində "biz yerli məşqçilərə şans veririk" deyən klub rəhbərliyinin yerli mütəxəssislərə necə şans verdiyini göstərir. Bəs yerli mütəxəssislərin bu istefaya münasibəti necədi? Hazırda işsiz olan bir neçə yerli mütəxəssis Süleymanovun "Neftçi"dən getməsinə münasibət bildirib:
 
Ağasəlim Mircavadov: "Mən nə deyə bilərəm ki? Süleymanov işləməli idi. Bu çox müəmmalı bir ayrılıq oldu. Hacıyevi də təbrik edirəm. uğurlu olsun"!
 
Şahin Diniyev: "Azərbaycanlı mütəxəssislərin bir-bir işdən çıxarılmasına təəssüflənirəm. Az bir müddətdə nəyəsə nail olmağa vaxt olmadı. Bir müddət öncə mən də eyni aqibətlə üzləşmişəm. Lakin özüm üçün yox, Süleymanov üçün daha çox təəssüflənirəm".
 
Elxan Abdullayev: "Süleymanovun "Neftçi"yə gəldiyini eşidəndə çox sevinmişdim. Mən istəyərdim ki, Süleymanov işləsin. Ona görə ki, yerli və yaxşı mütəxəssislərdən biridi. Lakin onun klubdan ayrıldığını ilk dəfə olaraq sizdən eşidirəm. Yəqin ki, bunun da səbəbləri var".
 
Yunis Hüseynov: "Bu xəbəri təxminən 5 dəqiqə əvvəl bildim. Bu rəhbərliklə Süleymanov arasında olan məsələdi. Amma yerli məşqçilərin getməsi təsir edir. Bir müddət əvvəl də Diniyev istefa verdi. Bu, xoşa gələn hal deyil. Yerli məşqçilərə inam yoxdu. Məncə, bu yaxşı qəbul edilmir".
 
RÖVŞƏN ƏHLİMANOĞLU
Shares: