“Xəzər Lənkəran” 2 ulduz futbolçu transfer edir. Futbolinfo.az xəbər verir ki, bunlar, hazırda "Şanlıurfaspor"da çıxış edən Sərcan Yıldırım və "Beşiktaş"ın müdafiəçisi İbrahim Toramandı.
Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, dünən gecə futbolçu karyerasını başa vurduqdan sonra menecerliklə məşğul olan "Beşiktaş"ın sabiq üzvü Koray Avcı cənubluların baş məşqçisi Mustafa Dənizli ilə görüşüb. Görüş zamanı Avcı Dənizliyə hazırda "Şanlıurfaspor"da çıxış edən Sərcan Yıldırımı və "Beşiktaş"ın müdafiəçisi İbrahim Toramanı transfer etməyi məsləhət görüb. Qeyd edilir ki, Dənizli hər iki futbolçu haqqında müsbət fikirdədi. Sərcan Yıldırım müqavilə ilə qardaş ölkənin "Qalatasaray" klubuna məxsusdu. "Şanlıurfaspor" 150 min avro ödəyərək onu 1 illik icarəyə götürüb. Ancaq komandada maliyyə problemlərinin olması Sərcanın Lənkəran təmsilçisinə keçidində müsbət rol oynaya bilər.
Qeyd edək ki, Sərcan Yıldırım PTT 1-ci liqada "Şanlıurfaspor" forması çıxıdığı 13 oyunda rəqib qapılarına 3 dəfə yol tapıb. Toramanın "Xəzər Lənkəran"a gələcəyi barədə xəbərlər isə hələ xeyli müddət öncədən yayılmışdı.





