Antalyada hazırlıqları davam etdirən “Xəzər Lənkəran” bu gün yoxlama oyununda Türkiyə Super Liqasında çıxış edən “Gənclərbirliyi” klubu ilə üz-üzə gəlib. 0:2 hesabı ilə məğlub olan cənubluların oyununu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov da izləyib. Ağdamlıların baş məşqçisi oyundan sonra futbolinfo.az saytına açıqlama verib:
 
“Hazırlıq normal gedir. Öz proqramımızla çalışırıq. Yeni futbolçulara gəlincə, hazırda komandamızın heyətinə dəvət olunmuş biri yoxdu. Amma qarşıda ola da bilər, olmaya da”.
 
Qurbanov “Xəzər Lənkəran”ın oyunlarını izləməsi barədə də danışıb: “Xəzər Lənkəran”ın oyunlarını ona görə izləyirəm ki, komandaya yeni məşqçi gəlib. Ola bilər ki, oyunlarında yeni bir sistem görək. Ona görə də çalışıram bütün oyunlarına baxım. Düzdü, toplanışda komandanın necə olduğunu tam aydınlıq gətirmək olmaz. Çünki futbolçular meydana yorğun halda çıxırlar. Amma bir şey var ki, bu komandada oyun nizam-intizamı güclənib. Məncə, çempionatda ağır rəqib olacaq”.
Shares: