Yanvarın 13-dən köhnə-yeni baş məşqçi Vidadi Rzayevin rəhbərliyi altında təlim-məşq toplanışına başlayan "Kəpəz" doğma meydanda hazırlığını sürdürür. Futbolinfo.az xəbər verir ki, əvvəlki məşqləri icazəli olduğundan buraxan futbolçular bir-bir sıraya qoşulurlar.
Təlim-məşq toplanışının ilk mərhələsi əsasən bərpaedici və fiziki yönümlü xarakter daşıyır. Rzayevi birinci növbədə maraqlandıran əsas məqam 20 gün çox müddətdə istirahət edən yetirmələrini məşqlərə adaptasiya etməkdi. "Kəpəz" qarşıdakı həftədən gündən iki dəfə məşq etmək istəsə də, buna sadəcə, şərait imkan vermir. Daha doğrusu, büdcənin azadılması baş məşqçinin planlarına zərbə olub.
Hazırda heyətdə 25-ə yaxın futbolçu var. Onların 18-i mövsümün ilk yarısında komandada çıxış etmişlər, qalanları ilə baxışa dəvət olunanlardı. Toplanış təzə başladığından çalışdırıcı onlar haqda tələsik qərar verməyə tələsmir. Baş məşqçi hələ bir müddət də düşərgəyə gələnləri sınaqdan keçirmək fikrindədi.
Hələliksə baxışda olanlardan Oqtay Məmmədov, Asif və Cavid Əhmədovların "Kəpəz"də saxlanılacağını söyləmək olar. Bu üçlük çempionatın ilk hissəsini "Şəmkir"də keçirib. "Kəpəz"lə ev matçında trionun oyununa göz qoyub, futbolçuları bəyənən klub rəhbərliyi qış fasiləsində onları komandaya dəvət edib.
Vidadi Rzayev komandası gələn həftədən başlayaraq yoldaşlıq oyunları keçirəcək. Rəqiblər isə qərb regionunun digər təmsilçiləri olacaq.
Son olaraq deyək ki, Rzayevin məşqçilər korpusunun daha bir məşqçiyə ehtiyacı var. Azər Məmmədovun gedişi onun köməkçisi olan Anar Kələntərovun da əsas komandadan ayrılmasına əsas yaradıb. Hazırda Rzayevə iki məşqçi yardım edir. Onlardan biri seleksiyaçı məşqçi Füzuli Allahverdiyev, digəri isə qapıçılarla işləyən Tariyel Hüseynovdu. Klub rəhbərliyi ilə məsləhətləşmələrdən sonra "Vidoş"un əsas yardımçısı postuna kimin təyin olunacağına aydınlıq gələcək.





