“Xəzər Lənkəran”ın qapıçısı Orxan Sadıqlının futbolinfo.az saytına müsahibəsi
– Hazırlıq necə gedir?
– Mənim üçün bir az çətin oldu. Çünki daha çox tək işlədim. 14 gün tək məşq etdim. Amma komanda şəklində hər şey yaxşı gedir. “Qarabağ”la oyuna hazırlaşırıq. Fevralın 1-də baş tutacaq oyunda qalib gəlib, ikinci yarıya qələbə ilə start vermək fikrindəyik.
– Komandaya artıq yeni qapıçı qoşulub. Vyekoslav Tomiçlə müqavilə imzalandı…
– Onun haqqında eşitmişəm. Türkiyədə “Karabükspor”da oynayıb. Yaxşı və təcrübəli qapıçıdı. Onunla rəqabət aparacam. Təcrübəli qapıçıdı deyə yerimi ona vermək fikrində deyiləm. Rəqabət hər bir futbolçu üçün lazımdı. Biz ikimiz də komandamız üçün ən yaxşısını etməyə çalışacğıq. Məşqçimiz kimə şans verəcəksə, o da qapıda duracaq. “Xəzər Lənkəran” üçün ən yaxşısını etmək bizim borcumuzdu.
– Bu rəqabət sizi qorxutmur?
– Yox, mən heç bir rəqabətdən qorxmuram. İndiyə qədər “Xəzər Lənkəran”da olan heç bir qapıçı ilə rəqabətdən çəkinməmişəm. Onun Avropa təcrübəsi olsa belə, yenə çəkinmirəm. Çünki Avropa ilə Azərbaycan bir deyil. Bundan öncə də təcrübəli qapıçılar olub. Yarı onlar oynayıb, yarı biz oynamışıq. İndi də belə bir rəqabət olacaq. Kim oynayır oynasın, komandamız xeyir görsün.
– Mustafa Dənizli nəyi dəyişdi?
– O, əsas nizam-intizam gətirib. Əvvəllər komandada nizam-intizam orta səviyyədə idi. Mən düşünürəm ki, futbolda intizam vacibdi. Dənizli həm meydanda, həm də meydandan kənarda buna riayət etməyimizi tələb edir. Bu da bizə xeyir verir. İnanıram ki, çempionatda da yaxşı olacaq.
– Yoldaşlıq oyunlarında “Xəzər Lənkəran”ın çıxışını necə dəyərləndirirsiz?
– Oynadığımız hər iki komanda Super Liqada çıxış edir. Azərbaycan çempionatı ilə Türkiyə çempionatı arasındakı fərqi hamı bilir. İlk oyunda “Rizəspor”la bərabərə qaldıq. Pis nəticə deyildi. İkinci oyunda “Gənclərbirliyi”nə uduzduq. Nəticələrin önəmi yoxdu. Burada böyükhesabla qalib gəlməyin və ya uduzmağın nə önəmi var ki? Əsas olan komandanın yaxşı oyun göstərməsidi. Məncə, hər iki oyunda komandamız yaxşı oynadı. Qol vəziyyətlərimiz də oldu. Sadəcə, o imkanlardan yararlana bilmədik. Amma oyunumuz ümumilikdə yaxşı alındı. Düşünürəm ki, biz çempionatda daha yaxşı oynayacağıq və “Xəzər Lənkəran”ın əvvəlki günlərini qaytaracağıq. Bu çətinliyin altından azarkeşlərlə əl-ələ verib çıxmalıyıq.
– Komandada hücumçu problemi hələ də var. Diqqəti çəkən əsas məqam isə “Xəzər Lənkəran”ın qol imkanlarından yoldaşlıq görüşlərində də yararlana bilməməsidi…
– Hər halda bunu məşqçi görür və nə etmək lazım olduğunu bilir. Düşərgəmizdə 3 yeni futbolçu var və yəqin ki, yeni futbolçular da dəvət olunacaq. Komandada nələrin dəyişilməli olduğunu Dənizli bizdən daha yaxşı bilir.
– Hücum xəttində problemlərin olması ilə razısız?
– Bizdə problem təkcə hücumda deyil. Komandada başqa mövqelərdə də problemlər var. Elə oyunlar oldu ki, mən səhv etdim, komanda uduzdu, elə oyun oldu ki, müdafiə xətti səhv etdi. Futbol 11 nəfərdən ibarət oyundu. Hamı səhv edə bilər. Amma bu problemləri aradan qaldırmaq lazımdı. Bunun üzərinə işləyirik.
ELSEVƏR, ANTALYA





