"Yaxşı oyun gözləyirəm. Hazırda Lənkəran stadionunun hansı vəziyyətdə olduğunu bilmirəm. Amma vəziyyət necə olursa, olsun inanıram ki, azarkeş çox gələcək. Əfsuslar olsun ki, "Neftçi" azarkeşləri həmin oyunda olmayacaq. Bundan öncə "Xəzər Lənkəran" azarkeşləri də Bakıdakı oyunda olmamışdı. Ancaq futbol azarkeşlər üçün oynanılır".
Bu sözləri futbolinfo.az saytına açıqlamasında Ağasəlim Mircavadov deyib. Bir zamanlar "Neftçi" "Xəzər Lənkəran"ı çalışdırmış mütəxəssis "Böyük oyun" haqda fikirlərini dilə gətirib:
"Oyuna gəldikdə, gərginlik olacaq. Bu da ondan irəli gəlir ki, "Xəzər Lənkəran" fasilədən sonra ilk oyunda qələbə qazandı və seriyasına davam etmək istəyir. "Qarabağ" məğlub olduqdan sonra ilk pillədən 3-cü yerə düşdü. Düzdü, qarşıda hələ 17 oyun var. Buna baxmayaraq, xal ehtiyatı olmalıdı ki, çempionluq uğrunda mübarizə apara biləsən. Şanslara gəldikdə demək olar ki, hər iki klubda eynidi. Öncə ot örtüyü yaxşı vəziyyətdə olmalıdı. Çünki hər iki komandanın texnikalı futbolçusu var. Qazon yaxşı vəziyyətdə olmasa, o zaman texnikadan danışmaq olmaz. Burada dözümlülük və xarakter öz təsirini göstərəcək. Kim bu komponentlərdə üstün olsa, o da qalib gələcək. Mən deyərdim ki, azarkeş çılğınlığı bu oyuna öz təsirini göstərəcək. Lənkəranlı azarkeşlər öz komandasını çox sevir. Belə olan halda psixoloji vəziyyətin rolu böyükdü".





